Bakı. Trend:
Macarıstan statistika sahəsinin transformasiyasına hazırlaşır, bunun üçün müasir məlumat mənbələrinin geniş çevrəsindən və qabaqcıl təhlil üsullarından istifadə edir.
Trend xəbər verir ki, bunu Macarıstanın Statistika Komitəsinin sədri Aron Kinçeş Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda deyib.
“Statistika yol ayırıcındadır. Bizdə məlumat mənbələri boldur: milli, inzibati, siyahı şəklində, iri məlumatlar, peyk məlumatları, hətta “ağıllı məlumatlar”. Məqsədimiz müasir metodları, o cümlədən süni intellekti inteqrasiya etməklə verilənlərin şaxələndirilmiş və müasir portfoliosunu hazırlamaqdır”, -deyə Kinçeş bildirib.
O izah edib ki, müxtəlif mənbələrdən istifadə statistikanın keyfiyyətini artıracaq və məlumatların hazırlanması üçün tələb olunan vaxtı azaldacaq. Strategiyada məlumatların praktik tətbiqinə xüsusi diqqət yetirilir.
“Yeni layihə sayəsində biz pərakəndə ticarət üzrə məlumatların toplanması sistemini yeniləmişik. Bunun üçün real vaxt rejimində məlumat təqdim edən onlayn kassa aparatlarından istifadə edirik. Bu, bizə daha dəqiq və operativ məlumat əldə etməyə imkan verir, xüsusilə koronavirus pandemiyası kimi böhran dövrlərində”,- deyə komitə sədri vurğulayıb.