Bakı. Trend:
ABŞ Azərbaycanın regional rəqəmsal qovşaq kimi rolunun dəstəklənməsi imkanlarının araşdırılmasında maraqlıdır.
Bunu Trend-ə verdiyi özəl müsahibədə ABŞ Dövlət katibinin iqtisadi, enerji və işgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.
“Hazırda Azərbaycanda 200-dən çox Amerika şirkəti fəaliyyət göstərir və biz ikitərəfli ticarətin, eləcə də iqtisadi əlaqələrin artmasını görmək istərdik. İqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün konkret istiqamətlərə energetikaya investisiyalar, regional əlaqəlilik infrastrukturunun inkişafı, müdafiə məhsullarının satışı da daxil olmaqla ticarət, eləcə də süni intellekt sahəsində tərəfdaşlıq və rəqəmsal infrastrukturun inkişafı daxildir”, – deyə o qeyd edib.
Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətindən danışan K.Orr bildirib ki, bu təşəbbüs Transxəzər ticarət marşrutunda mühüm bir həlqə yaradacaq.
“TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal nəqliyyat bağlantısını təmin edəcək. TRIPP-in Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikasına birləşdirərək, həmçinin Transxəzər ticarət marşrutunda əsas həlqə yaradaraq Ermənistan Respublikasının beynəlxalq və daxili bağlantısı üçün qarşılıqlı faydalar gətirəcəyi gözlənilir. TRIPP-in əsas məqsədi Azərbaycan və Ermənistanın rifahını, həmçinin təhlükəsizliyini möhkəmləndirmək, habelə regional ticarət və nəqliyyat bağlantısının genişləndirilməsi hesabına ABŞ ticarətinin inkişafına töhfə verməkdir. Bu təşəbbüs Mərkəzi Asiya və Qafqazı Avropa ilə birləşdirən yeni tranzit imkanları yaradacaq”, – deyə o bildirib.
K.Orr əlavə edib ki, Orta Dəhliz Avrasiya boyunca ticarəti transformasiya edə bilər.
“Transxəzər ticarət marşrutu (TCTR) və ya Orta Dəhliz – Mərkəzi Asiyanın çöllərindən, Xəzər dənizindən və Qafqazdan keçərək regionu ABŞ və Avropa bazarları ilə birləşdirən ticarət-nəqliyyat yoludur. Kritik infrastrukturun inkişafına investisiyalar və gömrük prosedurlarının təkmilləşdirilməsi ilə tam funksional TCTR Avrasiya daxilində və regionları arasında ticarəti dəyişdirə bilər. 2025-ci ilin noyabrında C5+1-in onuncu ildönümü münasibətilə keçirilən sammit zamanı Mərkəzi Asiyanın beş ölkəsi və ABŞ Transxəzər ticarət marşrutunun potensialının inkişafını təhlükəsiz yük, informasiya və enerji daşımalarının təmin edilməsi yolu ilə əlaqəliliyin və təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üçün prioritet istiqamət kimi müəyyən ediblər”, – deyə o izah edib.
Orr hesab edir ki, tranzit və logistika, zəruri minerallar, aqrobiznes və rəqəmsal infrastruktura investisiyalar Amerika investisiyaları üçün imkanlar yaradacaq, eyni zamanda TCTR vasitəsilə daşınan malların və zəruri resursların həcmini artıracaq.
Enerji əməkdaşlığına gəldikdə, K.Orr bildirib ki, Amerika şirkətləri Azərbaycanın dəstəklənməsi məqsədilə neft-qaz sektorunda öz rollarını genişləndirmək imkanlarını araşdırmağa davam edirlər.
“Biz anlayırıq ki, Azərbaycanın neft-qaz sektoru artıq işlənmiş Xəzər yataqlarında hasilatın maksimuma çatdırılmasına, eləcə də daxili istehlak və ixrac üçün quruda və şelfdə yeni neft və qaz mənbələrinin axtarışı və işlənməsinə yönəlib. Bu imkanlara 2025-ci ildə "ExxonMobil" ilə SOCAR arasında qeyri-ənənəvi qurudakı neft-qaz ehtiyatlarının tədqiqi, işlənməsi və hasilatı üzrə imzalanmış Anlaşma Memorandumu daxildir. Həmçinin ixrac neft və qaz kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması variantları nəzərdən keçirilir. Amerika şirkətləri bu layihələrdə Azərbaycanın dəstəklənməsi məqsədilə artıq əhəmiyyətli olan neft-qaz fəaliyyətlərində öz rollarını genişləndirmək imkanlarını araşdırmaqda davam edirlər”, – deyə o əlavə edib.
K.Orr digər əməkdaşlıq sahələrinə də toxunaraq bildirib ki, Amerika şirkətləri elektrik enerjisi istehsalı və paylayıcı şəbəkə texnologiyaları sahəsində dünya liderləridir və bu, Azərbaycanın iqtisadi gələcəyi üçün mühüm istiqamətdir.
“Bundan əlavə, biz Amerika texnologiya şirkətləri ilə Azərbaycan arasında əlaqələrin qurulmasında və Azərbaycanın regionun rəqəmsal qovşağı kimi rolunun dəstəklənməsi imkanlarının araşdırılmasında maraqlıyıq. Azərbaycan həmçinin Transxəzər ticarət marşrutunda (Orta Dəhliz) mühüm rol oynayır. Ağıllı liman texnologiyalarına, müasir dəmir yolu infrastrukturuna və inteqrasiya olunmuş logistika qovşaqlarına Amerika investisiyaları Asiya ilə Avropa arasında daha sürətli və etibarlı ticarət axınlarını təmin edərək bağlantını gücləndirəcək”, – deyə o bildirib.
K.Orr həmçinin Amerika–Azərbaycan Ticarət Palatasının (USACC) işgüzar əlaqələrin, ticarət missiyalarının və şəbəkələşmə platformalarının təşviqində mühüm rolunu vurğulayıb. Bildirib ki, bu platformalar Amerika və Azərbaycan şirkətlərinə qarşılıqlı fəaliyyət göstərməyə və kommersiya imkanlarını reallaşdırmağa şərait yaradır:
“Bu tədbirlər Amerika şirkətləri üçün etimadın qurulmasına və kommersiya perspektivlərinin formalaşmasına kömək edir – bu isə uğurun böyük ölçüdə münasibətlərdən və yerli biliklərdən asılı olduğu inkişaf etməkdə olan bazarlarda həyati əhəmiyyət daşıyan funksiyadır”.
Bundan əlavə, Orrun sözlərinə görə, USACC regional biznes əməkdaşlığının inkişafına töhfə verir ki, bu da Azərbaycanın Cənubi Qafqazda geostrateji qovşaq kimi rolu nəzərə alınmaqla xüsusi önəm daşıyır.
“Onun enerji tranzit dəhlizlərində və regional bağlantı təşəbbüslərində tutduğu mövqe Amerika şirkətləri üçün əhəmiyyətli transsərhəd imkanlar açır. Məsələn, 2025-ci ilin sentyabr ayında USACC multimodal daşımalar, logistika və kritik infrastruktur sahələrində kommersiya imkanlarını araşdırmaq məqsədilə Amerika biznes nümayəndə heyətini Azərbaycana gətirib. Bu il USACC öz 30 illik yubileyini qeyd edir və bununla birlikdə ABŞ ilə Azərbaycan arasında ticarətə, investisiyalara və mədəni əlaqələrə dəstəyin 30 illiyini qeyd edir. Əminəm ki, tərəfdaşlığımız inkişafa davam edəcək və yaxın aylar və illərdə əməkdaşlığımızın daha da dərinləşməsini səbirsizliklə gözləyirəm”, – deyə o fikrini yekunlaşdırıb.
