...

Quşçuluq müəssisələri məhsulların qiymətini artırmaq istəyirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2008 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Respublika Quşçular Cəmiyyəti Bakıda ixtisaslaşdırılmış yarmarkalara çıxarılan məhsulların qiymətinin mümkün artırılması haqqında hökumətə müraciət etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı təşkilatın rəhbəri Aydın Vəliyev məlumat verib.

"Hazırda yarmarkalarda quş məhsulları, demək olar ki, maya dəyərindən aşağı reallaşdırılır", - o bildirib.

2006-cı ilin dekabrından başlayaraq, hər həftə Bakıda ixtisaslaşdırılmış quş məhsulları yarmarkaları keçirilir. İndiyədək yarmarkalarda 400 tondan çox quş əti və 8 mln.-dan çox yumurta satılıb.

Bu gün ixtisaslaşdırılmış yarmarkalarda quş ətinin 1 kiloqramının qiyməti 3,60-3,70 manat təşkil edir. "Bu bizim üçün çox azdır. Məhsulun maya dəyəri təqribən bu qədərdir", - Vəliyev söyləyib.

Cəmiyyətin başçısı qeyd edib ki, müəssisələr zərərlə işləyirlər və bu, gələcəkdə onların fəaliyyətinin dayandırılmasına gətirə bilər.

Vəliyev hesab edir ki, yarmarkalarda quş ətinin 1 kiloqramının qiyməti 3,90-4 manatdan aşağı olmamalıdır. Bunun əsas səbəbi ölkəyə idxal edilən yemin qiymətinin artmasıdır.

Cəmiyyət sədrinin sözlərinə görə, əgər 2006-cı ildə 1 ton taxılın qiyməti $30 təşkil edirdisə, indi bu qiymət $60-a çatıb. Müəssisələr soyakimilərin 1 tonunu $420-a aldıqları halda, hazırda qiymət artıq $810 təşkil edir.

"Bir kiloqram toyuq ətində yemin payının 70 faiz təşkil etdiyini nəzərə alsaq, yaranmış problemi təsəvvür etmək olar", - Vəliyev bildirib.

O bildirib ki, təşkilat ötən ilin sonundan hökumətlə güzəştlərin tətbiq edilməsi haqqında danışıqlar aparır. Bu güzəştlərə xüsusilə yem idxalına ƏDV-nin ləğvi daxildir. Bununla bağlı hələ qərar qəbul edilməyib.

Yerli müəssisələr Azərbaycanın quş məhsullarına olan təlabatının 90 faizdən çoxunu ödəyir. Lakin bununla yanaşı, xaricdən mal idxalı həyata keçirilir.

Quşçular Cəmiyyətinə Hovsan Broyler, Mardakan Broyler, Siyazan Broyler, Devechi Broyler və s. Kimi 28 müəssisə daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti