Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir N.İsmayılov/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı ümumi çəkisi 229 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
Monitorinqlər Bakının Yasamal, Sabunçu (Bakıxanov qəs.), Suraxanı, Nərimanov rayonlarında, Qusar, Balakən, Beyləqan şəhərlərində və Ağdam rayonunda keçirilib.
Mağazalarda saxlama müddəti ötmüş qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.