...

Azərbaycanda özəl pensiya fondlarının yaradılması lazımdır – Dövlət Sosial Müdafiə Fondunun rəhbəri (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2010 16:01 (UTC +04:00)
Azərbaycanın pensiya-sığorta bazarında özəl pensiya fondlarının yaradılması zəruridir.
Azərbaycanda özəl pensiya fondlarının yaradılması lazımdır – Dövlət Sosial Müdafiə Fondunun rəhbəri (FOTO)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın pensiya-sığorta bazarında özəl pensiya fondlarının yaradılması zəruridir. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fondun Almaniyanın Pensiya Sığorta İdarəsi ilə birgə keçirdiyi "Pensiyaların ortamüddətli və uzunmüddətli maliyyələşdirilməsi" mövzusunda təqdimatda deyib.

"Özəl pensiya fondlarının yaradılması üçün, ilk növbədə, müvafiq qanunvericilik bazası yaratmaq lazımdır. Bundan sonra Maliyyə Nazirliyindən lisenziya almaq lazımdır, - Müslümov bildirib. - 2011-ci il üçün DSMF-nin büdcə layihəsində ölkənin 2009-2015-ci illər üçün pensiya-sığorta sisteminin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində tədbirlərin icrası üçün vəsaitlər nəzərdə tutulub. Belə tədbirlərdən biri özəl pensiya fondları üçün qanunvericilik bazasının yaradılması üzrə məsələlərin həllindən ibarətdir".

Onun sözlərinə görə, yeni pensiya-sığorta sistemi üç mərhələdən ibarətdir.

"Bu üçpilləli sistemdir. Birincə pilləyə dövlətin həyata keçirdiyi icbari pensiya sığortası daxildir. İkinci pilləyə real investisiyalarla məşğul olan icbari pensiya sığorta sisteminin bir hissəsi daxildir ki, bu da bank hesablarına sosial-sığorta haqlarının bir qisminin qoyulmasını, müxtəlif maliyyə alətlərinə yerləşdirməni və əldə olunan gəlirlər sayəsində pensiyaların artırılmasını nəzərdə tutur. Üçüncü pillə özəl pensiya fondlarının yaradılmasını, bu fondların fəaliyyəti nəticəsində pensiyaçılar tərəfindən əlavə pensiyaların alınmasını nəzərdə tutur", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, belə sistem Almaniya və digər Avropa ölkələrində uğurla fəaliyyət göstərir.

"Lakin, eyni zamanda, ikinci və üçüncü mərhələlər böyük riskə malikdirlər. Maliyyə böhranı zamanı Almaniyada bu sistemin üçüncü pillə üzrə itkiləri 40 faiz təşkil edib. Bu çox böyük həcmdir. Bir tərəfdən, Azərbaycanda belə alətlərin olmaması ölkəni bu itkilərdən yayındırıb, digər tərəfdən isə üç müxtəlif mənbədən pensiyaların alınması pensiya həcminin artımına səbəb olacaq. Növbəti illərdə Fond bu istiqamətdə işləyəcək", - Müslümov vurğulayıb.

DSMF sədrinin sözlərinə görə, ikinci mərhələnin həyata keçirilməsi üçün icbari haqların həcmi artırılmalıdır.

"İndi daha çox bu sistemin ikinci mərhələsinin fəaliyyətə başlaması vacibdir. Bunun üçün icbari haqların həcmi artırılmalıdır", - Müslümov əlavə edib.

"Pensiyaların ortamüddətli və uzunmüddətli maliyyələşdirilməsi" mövzusunda təqdimat oktyabrın 13-14-də Bakıda keçirilir.

Müslümovun alman nümayəndə heyətinin üzvləri ilə görüşündə DSMF və Almaniyanın Pensiya Sığorta İdarəsi arasında gələcək əməkdaşlığın istiqamətləri və digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti