...

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin tapılma ehtimalı çox azdır - komissiyanın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2011 17:04 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin tapılma ehtimalı hava gəmisinin düşməsindən sonra baş vermiş güclü yanğın səbəbindən çox azdır.
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin tapılma ehtimalı çox azdır - komissiyanın rəhbəri

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir E.İsmayılov/

Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin tapılma ehtimalı hava gəmisinin düşməsindən sonra baş vermiş güclü yanğın səbəbindən çox azdır. Trend-in məlumatına görə, bu barədə Bakıda mətbuat konfransında qəzanın araşdırılması üzrə komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorunun müavini İlham Əmirov bildirib.

Onun sözlərinə görə, Baqran aeroportundan təyyarənin qəzaya uğradığı yerdə iki saat ərzində davam edən yanğın müşahidə olunub. Yanğın nəticəsində təyyarədən hissələr qalıb.

Bundan başqa, Əmirovun sözlərinə görə, Əfqanıstandakı vəziyyətin qeyri-sabit olması qəza yerində işlərə xeyli çətinlik törədir. Bir müddət əvvəl içərisində komissiya üzvlərinin olduğu vertolyot qəza yerinə yaxınlaşmağa cəhd edərkən yerdən ona atəş açılıb.

Bununla yanaşı, komissiyanın rəhbəri bildirib ki, hazırda komissiyanın əsas məqsədi ekipaj üzvlərinin meyitlərini aşkar etmək, eləcə də hava gəmisinin qəzaya uğrama səbəblərini müəyyən etmək üçün hadisənin dəqiq təhqiqatını aparmaq və gələcəkdə belə hadisələrin mümkünlüyünün qarşısını almaqdır.

Bundan əvvəl əfqan tərəfi Azərbaycan təyyarəsinin "qara qutu"sunun aşkar olunduğunu bəyan etmişdi. Bu cihaz hava gəmisinin uçuşu ərzində bütün göstəriciləri çəkir. Onun şifrinin açılmasından sonra əldə olunacaq məlumatlar qəzanın səbəbləri barədə daha çox məlumat verə bilər.

Beynəlxalq konvensiyalara görə, qəzanın səbəblərini hadisənin baş verdiyi ölkə araşdırır. İndiki halda bu ölkə Əfqanıstandır. Azərbaycan "qara qutu"nun bütün zəruri avadanlıqlara və belə avadanlıqların şifrinin açılmasında təcrübəyə malik olan Beynəlxalq Aviasiya Komitəsinə (Moskva) verilməsi haqqında təkliflə müraciət edib. Bundan əlavə, təyyarə Rusiya istehsalı olub.

İyulun 6-nə keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

"Əfqanıstanda Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması əsas versiyalardan biridir", - komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov bundan əvvəlki mətbuat konfransında deyib.

Azərbaycan artıq Əfqanıstan XİN-ə bu ölkənin ərazisində qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin gətirilməsinə yardım etmək xahişi ilə iki nota təqdim edib.
Kabildə olan komissiya üzvləri qəza yerindəki mürəkkəb vəziyyətlə əlaqədar indiyədək təyyarənin düşdüyü yerə çata bilməyiblər.

Xəbər lenti

Xəbər lenti