...

Azərbaycan və Türkiyə xaricdə kiçik və orta biznesin inkişafı üçün səy göstərəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2013 16:27 (UTC +04:00)
Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri ölkəmizdə səfərdədir.
Azərbaycan və Türkiyə xaricdə kiçik və orta biznesin inkişafı üçün səy göstərəcəklər

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri ölkəmizdə səfərdədir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində aprelin 3-də Bakı Biznes Mərkəzində nazirliklə KOSGEB arasında imzalanmış "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" protokol üzrə işçi qrupunun ilk iclası keçirilib.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış makroiqtisadi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş işlər, sahibkarlığa dövlət dəstəyi tədbirləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

Qeyd edilib ki, bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla inkişaf edir. Dövlət başçılarının səyləri və iradəsi nəticəsində Azərbaycanla Türkiyə arasında siyasi və iqtisadi əlaqələr inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.

Səfərov "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" protokol üzrə işçi qrupunun yaradılmasının da ikitərəfli iqtisadi əlaqələrin inkişafı və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin KOSGEB təşkilatı arasında imzalanmış "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" protokol üzrə işçi qrupunun fəaliyyəti və görəcəyi işlər barədə məlumat verib. Bildirilib ki, 2006-cı ildə imzalanmış sənədin əsas məqsədi Azərbaycanın və Türkiyənin kiçik və orta sahibkarları arasında müxtəlif sahələrdə iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, hər iki ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların beynəlxalq bazarda rəqabətinin inkişafına dəstək göstərilməsi, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsidir. Bu məqsədlə yaradılmış işçi qrupu çərçivəsində hər iki ölkənin KOS-ları arasında müxtəlif sərgi, seminar və tədbirlərə dair məlumat mübadiləsinin, iş adamlarının qarşılıqlı səfərlərinin təşkili, KOS-lara dəstək siyasəti və bu sahədə tətbiq edilən modellər barədə sahibkarların məlumatlandırılması və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

KOSGEB-in vitse-prezidenti Salih Tuna Şahin Azərbaycana səfərindən və "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" protokol üzrə işçi qrupunun ilk iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib, qrupun kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən iş adamları arasında əlaqələrin inkişafı, hər iki ölkənin KOS-ları arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti, həmçinin Fondun fəaliyyəti barədə məlumat verib.

İclas çərçivəsində işçi qrupunun fəaliyyətinə və həyata keçirəcəyi tədbirlərə dair müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Aprelin 5-dək davam edəcək səfər çərçivəsində Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının nümayəndələri görüşlər keçirəcək, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti