...

Azərbaycan və Zimbabve arasında əməkdaşlıq imkanları müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2014 17:31 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Zimbabvenin xarici işlər naziri Simbaraşe Mumbengegvi ilə görüşüb.
Azərbaycan və Zimbabve arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Zimbabvenin xarici işlər naziri Simbaraşe Mumbengegvi ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Zimbabve arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ş.Mustafayev son illər ərzində Afrika ölkələri, o cümlədən Zimbabve ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini, bu sahədə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan və Zimbabve arasında beynəlxalq təşkilatlar səviyyəsində, xüsusilə də BMT çərçivəsində əməkdaşlıq həyata keçirilir. Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu iri layihələr barədə məlumat verən Ş.Mustafayev ölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, kimya sahələrində əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün zəruri müqavilə-hüquqi baza yaradılmalı, qarşılıqlı səfərlər və işgüzar görüşlər təşkil edilməlidir.

Zimbabvenin xarici işlər naziri S.Mumbengegvi iki ölkə arasında əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib, iqtisadiyyatın bir sıra sahələrində (sənaye, infrastruktur, kənd təsərrüfatı və s.) əməkdaşlığa dair konkret təkliflər səsləndirib. O bildirib ki, təbii ehtiyatlarla zəngin olan Zimbabve Azərbaycanın istehsalla məşğul olan şirkətləri ilə əməkdaşlıq edə bilər.

Görüşdə, həmçinin Zimbabvenin kimya sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduğu diqqətə çatdırılıb, S.Mumbengegvi Azərbaycanın biznes dairələrini Zimbabveyə səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti