...

Azərbaycanın kapital bazarı 2020-ci ildən dünya inteqrasiyasına hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2015 11:51 (UTC +04:00)
Azərbaycanın kapital bazarı 2020-ci ildən etibarən beynəlxalq maliyyə bazarları ilə inteqrasiyaya hazır olacaq.
Azərbaycanın kapital bazarı 2020-ci ildən dünya inteqrasiyasına hazır olacaq

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Azad Həsənli/

Azərbaycanın kapital bazarı 2020-ci ildən etibarən beynəlxalq maliyyə bazarları ilə inteqrasiyaya hazır olacaq.

Trend-in verdiyi məlumata əsasən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK)-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir ki, bu 2011-2020-ci illər Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı üzrə dövlət proqramının üçüncü mərhələsində nəzərdə tutulur.

Komitənin məlumatında deyilir: "Dövlət proqramının 2018-2020-ci illəri əhatə edəcək üçüncü mərhələsində daha mürəkkəb alət və xidmətlərin tətbiqi, qiymətli kağızlar bazarının dərinliyinin artırılması, həmçinin risk sistemlərinin effektiv idarəolunma mexanizmlərinin yaradılması planlaşdırılır".

Dövlət proqramının məqsədi ortamüddətli perspektivdə müasir standartlara cavab verən tənzimlənmiş və effektiv kapital bazarlarının formalaşdırılmasıdır. Bu bazarlar da öz növbəsində özəl sektorun maliyyələşdirilməsi üçün daha geniş imkanlar yaradacaq.

Məlumatda deyilir: "Dövlət proqramının 2011-2014-cü illəri əhatə edən birinci mərhələsində buraxılış mexanizmləri, qiymətli kağızların qeydiyyatı və hesabatı avtomatlaşdırılmış və sadələşdirilmiş, üzvlük prinsipi əsasında ikipilləli vahid mərkəzi depozitar sistem yaradılmış, ticarət və post-ticarət sistemləri avtomatlaşdırılmış, qiymətli kağızlar bazarında fasiləsiz ticarət rejiminə keçid təşkil edilmiş, marjinal ticarət üçün yeni platforma açılmış və s. işlər görülmüşdür".

Bu dəyişikliklər nəticəsində ötən il qiymətli kağızlar bazarında dövriyyə 13,2 milyard manat təşkil edib ki, bu da qiymətli kağızlar bazarının tarixi ərzində ən yaxşı göstəricidir: "2014-cü ildən etibarən qiymətli kağızlar bazarının institutları dövlət alətləri əvəzinə korporativ sektora təqdim edilən maliyyələşməyə daha çox üstünlük verirlər. Nəticədə bu, institutların maliyyə dayanıqlığının təmin olunmasına gətirib çıxarıb. Müqayisə üçün deyək ki, 2008-ci ildə Bakı fond birjasının 96 faiz gəliri dövlət qiymətli kağızları hesabına təmin olunmuşdur. Artıq 2014-cü ildə gəlirin 50 faizi korporativ sektorun payına düşür".

Dövlət proqramının 2015-2017-ci illəri əhatə edəcək ikinci mərhələsində qiymətli kağızlar bazarının əməliyyatlarının tamamilə avtomatlaşdırılması və birləşməsi, yeni alət və xidmətlərin tətbiqi üçün zəruri olan bazarın formalaşması, idarə mexanizmlərinin qüvvətləndirilməsi planlaşdırılır: "Bu istiqamətdə görülən işlər qiymətli kağızların ticarətini sadələşdirmək və optimallaşdırmağa, elektron ticarət platformasının yaradılmasına, normativ-hüquqi bazanın formalaşdırılmasına və ölkədə xarici emitentlərin qiymətli kağızlarının, həmçinin yerli qiymətli kağızların xarici bazarlarda ticarətini tənzimləyən müvafiq ticarət sisteminin tətbiq olunmasına imkan yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti