...

Deputat: Azərbaycanda büdcə gəlirlərinin artımını təmin edəcək yeni iqtisadi artım modeli formalaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2016 17:35 (UTC +04:00)
Son 10 ildə Azərbaycan iqtisadiyyatı yüksək nailiyyətlər nümayiş etdirib.
Deputat: Azərbaycanda büdcə gəlirlərinin artımını təmin edəcək yeni iqtisadi artım modeli formalaşdırılır

Bakı. Trend:

Son 10 ildə Azərbaycan iqtisadiyyatı yüksək nailiyyətlər nümayiş etdimişdir. ÜDM in həcmi bu müddətdə 3.2 dəfə , Qeyri-neft sektoru isə 2,6 dəfə artmışdır. Dünya iqtisadiyyatında Azərbaycanın payı 2005-ci ildə 0.07% dən 2015 ci ildə 0.15% ə qədər (yəni 2.2 dəfə) artmışdır. Bu dövrdə dövlət büdcəsinin gəlirləri dəfələrlə artmışdır. Təkcə onu qeyd edim ki, 2004-cü ildə dövlət büdcəsinin gəlirləri indiki kurs ilə cəmi 2.604 milyon azn idi. Ölkədə aparılan büdcə siyasəti hər zaman zamanın tələbinə uyğun olmuş və qarşıya qoyulmuş məqsədlərə xidmət etmişdir.

Azərbaycan iqtisadiyyatının istisnasız uğurlu inkişaf periodu 2015-ci ildə iqtisadi çətinliklərlə üzləşdi. Dünyada gedən makroiqtisadi proseslər, tərəfdaş ölkələrdə baş verən iqtisadi təlatümlər və neftin qiymətini kəskin düşməsi Azərbaycanın iqtisadi artım modeilnə də təsir etmişdir. Əgər əvvəlki illərdə ÜDM-in orta illik artımı 10% dən yüksək idisə, 2015-ci ildə ÜDM-in artımı 1.1%, 2016-cı ildə proqnozlaşdırılan azalma -2.8%, 2017-ci ildə proqnozlaşdırlan artım isə 1% həcmindədir. Qeyd etmək lazım ki, büdcə əslində bir nəticə olduğundan gəlirlərin mənbələri kimi ÜDM-in həcmi çöx böyük önəm daşıyır.

İlk öncə qeyd etmək lazımdır ki, neft gəlirləri azaldığı üçün 2017-ci il büdcəsində konsolidasiya prosesinin getməsi çox müsbət addımdır. Çünki bu:

1. Büdcə kəsirinin artımına yol vermir. İnflyasiyanı cilovlayaraq 2017-ci ildə onu 7.5% səviyyəsində müəyyən edir. Bu hədəf ölkə başçısı tərəfindən qoyulmuşdu.

2. Strateji valyuta ehtiyatlarının qorunmasına səbəb olur. Bu isə ölkənin təhlükəsizlik yastığıdır , ölkənin beynəlxalq reytinqinin qorunmasına dəstək olur. Ehtiyatlar həm tədiyyə balansının kəsirinin zərurət yarananda maliyyələşməsinin ən etibarlı mənbəyidir.

3. Maliyyə intizamının güclənməsinə xidmət edir.

Bu səbəblər isə makroiqtisadi sabitliyin və dayanlıqlığın zəruri şərtləridir.

Son illərdə ilk dəfə olaraq qeyri neft sektorunun büdcə daxilolmalarında xüsusi çəkisi 50%-i keçməsi proqnozlaşdırılır. Bu gəlirlər 2016-cı il ilə müqayisədə 503 mln manat çoxdur. Vergi daxilolmalarının 75%-dən çoxunun qeyri-neft sektorunun payına düşməsi dayanıqlı planlaşdırmadan xəbər verir. Qeyd edim ki, Azərbaycan yığılan hər 100 manat vergiyə çəkilən xərc cəmi 46 qəpikdir ki, bu da ən səmərəli Avropa göstəricisinə yaxındır.

Cari xərclərin azaldılması makroiqtsadi sabitliyə nail olmağın əsas yollarından biri kimi müsbət qiymətləndirilir. Büdcə xərclərində sosial yönümlü xərclərin artaraq ümümi xərclərin 40%-dən çoxunu təşkil etməsi ölkə prezidentinin sosial siyasətinin heç bir azalmaya baxmayaraq davam etdirməsinin göstəricisidir. Əlavə olaraq hesab edirəm ki, gələn ilin büdcəsində elm, təhsil xərclərinin artırılması, və ayrıca elmi tədqiqatlar və innovasiyalar üçün, start aplar üçün vəsaitin nəzərdə tutulması uzunmüddətli iqtisadi artım üçün çox faydalı olardı. Ümumilikdə büdcə rəqəmləri makroiqtisadi sabitlik planlarına tam uyğundur.

Büdcə gəlirləri və xərcləri, bütövlükdə büdcənin həcmi iqtisadi artımdan və ÜDM-in həcm və strukturundan asılı olduğundan gəlirlərin artımını təmin edə biləcək yeni iqtisadi artım modelinin formalaşması prosesi getməkdədir. Qeyd etmək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin iradəsi ilə aparlıan iqtisadi islahatlar ölkədə yeni iqtisadi artım modelini formalaşdırmaqdadır.

Maraqlı faktdır ki, 2014-cü ildə tərtib olunan proqnozlarda ÜDM-in 2017-ci il üçün artım tempi 6% göstərilirdi. Bəs Azərbaycanda son illərdə iqtisadi artımının əsas mənbəyi nə idi? Və niyə o mənbələr bu gün aktivlik göstərə bilmir? ÜDM-in inkişaf tempinin azalmasının səbəbini tam müəyyən etmədən iqtisadi inkişafın stimullaşdırılması üçün atılan addımlar yetərli olmaya bilər. İqtisadiyyatın inkişaf tempinin azalmasının səbələrini aydınlaşdıraraq situasiyanın təkcə yaxşılaşdırılması deyil, həm də onu keyfiyyətcə dəyişməsi üçün sürətli addımların atılmasına ehtiyac yaranmışdır.

Qeyd etmək lazımdır ki, indiyə qədərki büdcə siyasəti əsasən sıçrayışlı iqtisadi artıma xidmət edirdi. Yəni yüksək büdcə xərcləri xeyli sayda iş yerləri yaratmaqla məşğullluğun artmasının əsas mənbəyi idi. Sosial rifahı artırmaq və vergi bazasını genişləndirmək də büdcədən qaynaqlanırdı. Eyni zamanda demək olar ki, bütün bank kreditləşmələri də bu iqtisadi modelə xidmət edirdi. Bu modelə bəzən “resurs modeli” də deyirlər. Yəni dövlət xərclərinin artımı bank kreditlərinin və istehlakın artımına səbəb olurdu.

Büdcə xərclərinin əsas mənbəyi neft gəlirləri idi. Beləliklə, neft gəlirləri milli iqtisadiyyatda böyük həcmdə daxili tələbi , o cümlədən istehlak və investisiya tələbini formalaşdırırdı. Hesab etmək olar ki, indiyəqədərki iqtisadi artım modeli daxili tələbin, xüsusən də istehlak tələbinin üzərində qurulmuşdu.

Hazırda isə obyektiv səbəblərdən neft gəlirləri artıq əvvəki miqyasda daxili tələbi maliyyələşdirə bilmir, nəticə etibarilə daxili tələbin də iqtisadi artıma töhvəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Buna uyğun olaraq iqtisadi artım tempi də aşağı düşmüşdür.

Burdan belə bir sual yaranır. Hazırda büdcə xərclərinin artırılması və əlavə iri layihələrin maliyyələşdirilməsi iqtisadi artıma gətirib çıxarda bilərmi? Təcrübə göstərir ki, belə addımlar daha çox əvvəlki modelin ömrünün bir az uzanmasına gətirib çıxara bilir. Nəzərə almaq lazımdır ki, artıq belə xərclərin maliyyələşməsinin mənbəyi ehtiyat fondlarda toplanmış vəsaitlərdir. Təbii olaraq bu addım ehtiyat fondlardakı vəsait bitənə qədər qısa müddətli istehsal və istehlakın canlamasına gətirib çıxarda bilər. Digər tərəfdən, beynəlxalq təcrübənin təhlili göstərir ki, infrastruktur layihələrinin iqtisadi artıma müsbət təsiri əsasən o layihələrin həyata keçirilməsi müddətində baş verir. Ümumiyyətlə demek olar ki, iri layihələrin həyata keçirilməsi “resurs modeli”nin ömrünü yalnız bir qədər uzada bilər. Bu məqsədlə tamamilə doğru olaraq 2017 büdcə xərclərində dövlət investisiya xərcləri xeyli azaldılmışdır. Bu da iqtisadi blok əməkdaşlarının peşəkarlığının bir göstəricisidir.

Burdan o nəticəyə gəlmək olar ki, büdcə gəlirlərinin və iqtisadi artımın alternativ mənbələri tapılmalıdır. Azərbaycan kiçik ölkədir. Əhalisi də 10 mln nəfərdir. Bu o demək ki, 10 mln insanın tələbi üzərində böyük iqtisadiyyat qurmaq mümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu vəziyyətdə iqtisadi artım və ÜDM-in artmasının ən etibarlı mənbəyi yalnız və yalnız ixrac yönümlü, o cümlədən birbaşa xarici investisiyalara əsaslanan özəl investiyaslı iqtisadiyyatın yaradılmasıdır.. Məhz belə bir iqtisadiyyatın qurulması dayanıqlı iqtisadi artıma və dayanıqlı məşğulluğa, dayanıqlı büdcəyə və makroiqtisadi sabitliyə səbəb olacaq. Bu modelin isə quruluşu və hədəfləri artıq ölkə Prezidenti tərəfindən imzalanan fərmanlarla, o cümkıdən dünənki fərmanla tam müəyyən olunub.

Qeyd etmək lazımdır ki, hazırkı modeldə bank kreditləri əsasən istehlakın və idxalın maiyyələşməsini təmin etmişdir. İqtisadi model dəyişdiyindən bank kreditləşməsini artıra biləcək yeni mənbələrə ehtiyac var. Bu yeni mənbələr də ixrac yönümlü qeyri-neft sənayesi və kənd təsərrüfatı, habelə valyuta gətirən xidmət sahələri olacaqdır.

Bəs yeni iqtisadi modelin əsas istiqamətləri nələrdir? Beynəlxalq təcrübəyə və uğurlu iqtisadi artıma nail olan Cənubi-Şərqi Asiya ölkələrini təcrübəsinə əsasən bu istiqamətlər aşağıdakılardır:

Yeni nəsil struktur islahatlarının, yəni rəqabət qabiliyyətli özəl sektorun güclənməsinə yönəlmiş islahatların aparılması. Ölkə Prezidenti 18 yanvar 2016-cı il tarixli Qeyri Neft məhsul ixracının stimullaşdırılması ilə bağlı fərman imzaladı. Artıq nəticələr də var, hazırda 30-dan çox sahibkara investisiya təşbiqi sənədi verilib, İxrac missiyalarını həyata keçirilir. Xaricdə bir çox duty-free shoparda belə Azərbaycan məhsullarını görmək mümkündür. Sahibkarlığın dövlət tənzimlənməsinin optimallaşdırılması (icazələr, lisenaiyalar) – 26 oktyabr 2015-ci il tarixili və 20 aprel 2016-cı il fərmanları ilə ölkə Prezidenti sahibkarlıq subyektlərində aparılan yoxlamaları tamamilə dayandırdı, icazələrin və lisenziyaların sayını kəskin surətdə azaltdı, Böyük özəllşdirmə proqramının həyata keçirilməsi – Ölkə Pezidenti 19 may 2016-cı il tarixli fərmanl ilə bu prosesinin əsasını qoydu. Xüsusilə də kiçik və orta sahibkarlıq və xarici investisiya sahələri və emal sənayesi üçün Vergi stimullaşmasının daha da güclənməsi,– 04 avqust 2016-cl ildə ölkə Prezidenti fərman ilə vergi sahəsində aparılacaq islahatların istiqamətlərini müəyyən etdi. Birbaşa xarici investisiyaların ölkəyə geniş miqyaslı axınını təşviq etmək (Sinqapur, Cənubi Koreya, Vyetnam modeli) – 2015-2016-cı illərdə ölkə Prezidentinin fərmanları ilə azad sənaye zonaları yaradıldı, xarici investorlar gömrük rüsumlarından və vergilərdən əsasən azad edildi, müxtəlif qanunlar imzaladı. İqtisadi idarəetmə sisteminin islahatı – 15 iyul 2016-cı il tarixli fərmanı ilə ölkə Prezidenti Maliyyə Sabitliyi Şurası, Dayanıqlı inkişaf üzrə milli əlaqələndirmə şurası və Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsini yaratdı.

Göründüyü kimi, ölkə başçısının fərmanları uğurlu beynəlxalq təcrübəyə əsaslan yeni iqtisadi modelin – ixrac yönümlü özəl iqtisadiyyatın yaradılmasına tam şərait yaradır. Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsi potensialı çox yüksəkdir.

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsini üzvü
İqtisadi elmləri üzrə fəlsəfə doktoru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti