Bakı. Trend:
2023-cü ildə Azərbaycanda inflyasiyanın 2022-ci ildəki 13,8 faizdən azalaraq, 9 faizə düşəcəyi gözlənilir.
Trend bu barədə Dünya Bankına istinadən xəbər verir.
İnflyasiya 2024 və 2025-ci illərdə də müvafiq olaraq 5,8 və 5,2 faizədək azalacaq.
Dünya Bankının qiymətləndirmələrinə əsasən, 2020-ci ildə ölkədə inflyasiya 2,8 faiz olub, daha sonra 2021-ci ildə 6,7 faizədək artıb.
"2023-cü ildə inflyasiyanın 9 faizədək ləngiyəcəyi gözlənilir, belə ki, qida məhsullarının qiyməti ucuzlaşmağa davam edəcək, xarici təzyiq isə zəifləyəcək, lakin Mərkəzi Bankın yuxarı diapazonundan yuxarı qalacaq", - deyə bankdan bildiriblər.
Qeyd olunub ki, iqtisadi artım 2023-cü ilin birinci yarısında 0,5 faizədək ləngiyib ki, bu da neft hasilatının azalması və qeyri-enerji sektorunda orta dərəcəli aktivlik səbəbindən baş verib.
"Bütünlükdə 2023-cü il ərzində 1,5 faiz səviyyəsində artım proqnozlaşdırılır. İnflyasiya azalsa da, 2023-cü ilin iyun ayında ikirəqəmli olaraq qalıb və gözlənildiyi kimi, azalmağa davam edəcək. Cari hesabın 2023-cü ildə ixrac və pul köçürmələrinin hesabına azalacağı gözlənilir", - deyə bankdan bildiriblər.
Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, Mərkəzi Bankın inflyasiyanın azaldılması istiqamətində öz səlahiyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər və hökumətin antiinflyasiya tədbirləri, eləcə də dünya üzrə əmtəə, xüsusilə də ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi, başlıca ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın azalması və digər qlobal trendlər nəticəsində Azərbaycanda cari ilin yanvar-iyul ayları ərzində inflyasiya səviyyəsində səngimə müşahidə edilmiş və ilin əvvəlinə nəzərən 1,7 faiz-bənd, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,8 faiz-bənd aşağı olub.
Ölkədə inflyasiyanın azalmasına baxmayaraq, xarici mühitin yüksək volatilliyi (dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar) qiymətlərin əlavə artımına səbəb ola bilər.
Digər tərəfdən də nəzərə almaq lazımdır ki, yüksək inflyasiya şəraitində büdcə xərclərinin irihəcmli artımları inflyasiya təzyiqlərini daha da artıra və növbəti illərdə inflyasiya spiralının yaranmasına səbəb ola bilər.
(Tərcümə: Rəna Əbdürəhmanova)
X: @Lyaman_Zeyn