...

"Unibank" subordinar kredit alan ilk Azərbaycan bankı oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2006 16:44 (UTC +04:00)

"UniBank" KB Azərbaycanın bank sistemi tarixində subordinar kredit alan ilk bank olub. Bu barədə bankdan alınan məlumata istinadən Trend xəbər verir.

5 mln. dollar həcmində subordinar maliyyələşmə təqdim edilməsi barədə razılıq dekabrın 13-də imzalanıb. Maliyyələşmə "UniBank"a FMO (the Netherlands Development Finance Company) tərəfindən 7 il müddətinə təqdim edilib. Bankın beynəlxalq münasibətlər üzrə meneceri Gülnarə Qurbanovanın sözlərinə görə, "Bu kreditin vəsaitləri ikinci növ kapitalın formalaşması üçün əlavə mənbə olacaq".

Bundan öncə isə dekabrın 11-də kiçik və orta sahibkarlıqla bağlı layihələrin maliyyələşməsi üçün kredit xətti təqdim edilməsi barədə razılaşma imzalınb. G.Qurbanova bildirib: "Həmin kredit xətti ilə də "FMO" bizim banka 5 il müddətinə 5 mln. dollar kredit ayırıb".

"UniBank"ın idarə heyəti sədri Faiq Hüseynov bildirib ki: "Beynəlxalq əməkdaşlıq həmişə "UniBank"ın vacib inkişaf strategiyalarından biri olub. Bununla əlaqədar biz çox şadıq ki, məhz bizim bank Azərbaycanda ilk subordinar kredit alan bank olub. Kiçik və orta sahibkarlıqla bağlı layihələrin maliyyələşməsinə təqdim edilən kredit xətti kimi bu kreditin də vəsaitləri "UniBank"ın kredit imkanlarının genişləndirilməsinə xidmət edir".

Qeyd edək ki, 2006-cı il dekabrın 1-i üçün "UniBank"ın kapitalının ümumi həcmi 14 016 250 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti