...

Azərbaycanda yeni gəmiqayırma zavodunun tikintisi üzrə tender elan oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 17:50 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi respublikada gəmiqayırma zavodunun yaradılması üzrə təkliflərlə tanış olub və hökumətin layihə üzrə tender elan olunması ilə bağlı qərarını gözləyir. Bu barədə çərşənbə axşamı Gəmiçilik rəhbərinin müavini Muxtar Axundov məlumat verib.

Onun sözlərinə görə, Koreya, Türkiyə, Çin, Polşa nümayəndələri təkliflərini təqdim edib. Layihə çərçivəsində Bakı buxtasında yerləşən bütün müəssisələrin şəhər ətrafına köçürülməsi və Azərbaycanda yeni gəmiqayırma və gəmi təmiri zavodunun yaradılması nəzərdə tutulur.

"Bu, ən müasir müəssisə olacaq. Müəssisədə Azərbaycana lazım olan bütün gəmi növlərinin - yük daşıyan, tanker, yaxta, sərnişin gəmilərinin tikintisi həyata keçiriləcək", - deyə o bildirib.

Zavod 3 mindən 30 min tonadək yük qaldırma qabiliyyətinə malik gəmilərin tikintisi imkanına malik olacaq. Yeni zavod Bakı ətrafında yerləşəcək. İlkin yer Qaradağ rayonudur. Bu rayonda həm də yeni beynəlxalq ticarət limanının (Ələt) tikintisi nəzərdə tutulur.

Müəssisənin respublikadakı dörd gəmi təmiri zavodunun bazasında yaradılması nəzərdə tutulur. Bu gün bu müəssisələr Bakı buxtasında yerləşir, lakin yaxın zamanlarda buxtada yerləşən bütün sənaye müəssisələrinin Bakıdan kənara köçürülməsi haqqında qərarın qəbulu gözlənilir.

Xəbər lenti

Xəbər lenti