...

Dünya Bankı neft gəlirlərinin səmərəli şəkildə xərclənməsi strategiyasında Azərbaycana kömək edir

Energetika Materials 12 Dekabr 2007 13:11 (UTC +04:00)
Dünya Bankı neft gəlirlərinin səmərəli şəkildə xərclənməsi strategiyasında Azərbaycana kömək edir

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Dünya Bankı son dövrlərdə sürətli templərlə artan dövlət xərclərinin ortamüddətli siyasəti üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparıb. Bu barədə çərşənbə günü bankın Azərbaycan üzrə aparıcı iqtisadçısı Kristian Pitersen Dünya Bankının Mərkəzi Asiya və Avropa regionu üzrə vitse-prezidenti Şiqeo Katsunun Bakıya səfərinin yekunlarına həsr olunmuş birgə mətbuat-konfransında məlumat verib.

Pul kütləsinin artımına müvafiq olaraq mal və xidmətlərlə təmin etmə məsələlərini həll etmək lazımdır, dünyada baş verən prosesləri nəzərə almaqla isə istehlak qiymətlərinin artımı qaçılmazdır. Pitersen Azərbaycan Parlamenti tərəfindən 2008-ci ilin dövlət büdcəsi çərçivəsində xərclərin 35% artımının təsdiqini real adlandırır.

"Biz hesab edirik ki, dövlət idarəetmə orqanları arasında dövlət xərclərinin artım tempinin məqsədəuyğun səviyyədə saxlanması və gələcəkdə real göstəricilər şəraitində sabitliyin saxlanmasına dair anlaşma mövcuddur" - deyə Dünya Bankının iqtisadçısı bildirib.

Neft dollarlarının dəyişkən xarakterini nəzərə alsaq, bank Azərbaycan hökuməti ilə ölkənin Dövlət Neft Fondunun vəsaitlərindən sabit və səmərəli şəkildə istifadə strategiyasının müəyyənləşdirilməsi üzrə koodinasiya edilmiş araşdırmalar aparır.

"Biz ölkə rəhbərliyinin dövlət xərclərinin sabit trayektoriyasını qəbul etməsini təqdir edirik, bu ortamüddətli perspektivdə infilyasiyanı aşağa salmağa imkan verəcək" - deyə Pitersen bildirib.

Bankın Azərbaycanla strateji tərəfdaşlığı çərçivəsində Dünya Bankı 2008-ci ildə hökumətin xərclərinin təxminən 35% səviyyəsində artacağını proqnozlaşdırır, 2009-cu ildə isə xərclərin artım tempinin 10%-ə qədər azalacağı gözlənilir.

2007-08-ci illərdə qeyri-neft fiskal kəsiri 40%-i ötməklə ən yüksək səviyyəyə çatacaq, sonra isə tədricən azalacaq. Hökumətin bu siyasəti neftin cari qiymətlər saxlandığı təqdirdə davamlı olacaq. Nəticədə Dövlət Neft Fondunun aktivləri 2010-cu ildə 35 mlrd. dollara çatacaq. 2007-08-ci illərdə infilyasiyanın illik artım səviyyəsinin 17% olacağı proqnozlaşdırılır, sonrakı illərdə isə 10%-ə qədər enəcək.

Dünya Bankı istehlak qiymətlərinin artım riskinin qarşısını almaq üçün struktur islahatları məqsədyönlü şəkildə davam etdirməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti