Bakı. Trend:
Azərbaycandakı "yaşıl" iqlim layihələri Aİ-nin meyarlarına cavab verərsə, Avropa İnvestisiya Bankı (EIB) bu layihələri maliyyələşdirməyə hazır olacaq.
Trend xəbər verir ki, bu barədə Avropa İnvestisiya Bankının (EIB) Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Maciej Czura 29-cu Bakı Enerji Forumunda deyib.
Onun sözlərinə görə, söhbət enerji keçidi və enerji səmərəliliyi sahələrində mümkün layihələrdən gedir.
Czura bildirib ki, EIB hazırda Avropada Fransa və Portuqaliyada üzən külək fermaların, ən böyük enerji anbarının (1 milyard avro kredit) yaradılmasını və "yaşıl" hidrogen layihələrini maliyyələşdirir.
"Ötən 10 il ərzində biz karbon dioksid qazının tutulması texnologiyası üzrə layihələrə 1,4 milyard avro ayırmışıq", - o deyib.
O, EIB-nin faktiki olaraq iqlim bankına çevrildiyini və qazıntı yanacağı üzrə layihələrə kredit verməkdən imtina etdiyini vurğulayıb.
Czuranın sözlərinə görə, bank 2007-ci ildən "yaşıl" layihələrə təqribən 80 milyard avro ayırıb.
"Biz 2007-ci ildə dünyada ilk dəfə "yaşıl" avro istiqrazlar buraxdıq və iqlimin maliyyələşdirilməsi üzrə liderik”, - deyə EIB nümayəndəsi əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)