...

Azərbaycanda İKT sektorunun beşqat artımı gözlənilir

Telekommunikasiya Materials 5 Fevral 2013 15:41 (UTC +04:00)
Qarşıdakı 8 ildə informasiya-kommunikasiya texnologiyaları sektorunun həcmini təxminən 4,5-5 dəfə artırmalıyıq.
Azərbaycanda İKT sektorunun beşqat artımı gözlənilir

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir H.Vəliyev/

Qarşıdakı 8 ildə informasiya-kommunikasiya texnologiyaları sektorunun həcmini təxminən 4,5-5 dəfə artırmalıyıq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, artıq hədəflər müəyyənləşib, məqsədimiz aydındır: "Rabitə və informasiya texnologiyaları sektorundan gözlənilən inkişafın həcmi kifayət qədər böyükdür və biz bu gözləntilərə nail olmaq üçün tam gücümüzlə çalışacağıq".

"Ümumiyyətlə, hədəfimiz Azərbaycanın ümumdaxili məhsulunu qarşıdan gələn 8 il ərzində 100 milyard manata çatdırmaqdır. Hesablamalara görə, məqsədə nail olmaq üçün bu illər ərzində ÜDM-in orta illik artım tempi təxminən 6-6,5 faiz ətrafında olmalıdır", - Abbasov vurğulayıb.

Nazirin sözlərinə görə, artıq bu ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) fəaliyyətə başlayacaq ki, onun da əsas istiqaməti informasiya-kommunikasiya texnologiyaları sektorunda stimullaşdırmanı həyata keçirməkdir.

Həmçinin, "Yüksək Texnologiyalar Parkı" innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verəcək.

Nazir dövlət başçısının Azərbaycanda 2013-cü ilin "İKT ili" elan edilməsinə dair sərəncamına da toxunub. Onun sözlərinə görə, bununla əlaqədar hazırlanacaq "Tədbirlər Planı"nda əks olunacaq tədbirlərin müəyyənləşdirilməsi zamanı dövlət və qeyri-dövlət qurumlarının, ictimai təşkilatların və vətəndaşların rəy və təkliflərinin nəzərə alınması əsas prinsip götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti