...

‘’Technest’’ Təqaüd Proqramı regionlarda yaşayan xanımlar üçün yeni imkanlar açır (FOTO)

Telekommunikasiya Materials 22 Noyabr 2022 16:52 (UTC +04:00)
‘’Technest’’ Təqaüd Proqramı regionlarda yaşayan xanımlar üçün yeni imkanlar açır (FOTO)

Bakı. Trend:

Quba və Lənkəran şəhərlərində yaşayan gənc xanımlar ‘’Coders Caravan’’ layihəsi çərçivəsində kodlaşdırma dərslərində iştirak edəcək.

Trend xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində ‘’Coders Azerbaijan’’ Təhsil Mərkəzi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Qara Dəniz Əməkdaşlıq Fondu (BST) birgə ‘’Coders Caravan’’ layihəsinə start verib. Layihə çərçivəsində Quba və Lənkəran şəhərlərindən 18-35 yaş aralığı ümumilikdə 20 gənc xanıma ‘’Full Stack’’ proqramlaşdırma üzrə peşəkar təlimlər keçiriləcək. Proqramın davam etmə müddəti 7 ay olmaqla tədris onlayn və oflayn formatında hibrid təşkil olunacaq. İki peşəkar təlimçi və dörd mentorun iştirak edəcəyi tədris müddətində iştirakçılar real layihələr üzərində çalışmaq və praktiki təcrübə qazanmaq imkanlarını əldə edəcəklər. Eyni zamanda iştirakçılar həftəsonları müxtəlif seminar və netvörkinq tədbirlərində iştirak edərək müvafiq sahə üzrə bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirəcəklər. Tədrisin sonunda tələbələr fərdi layihə işlərini təqdim edərək kursu müvəffəqiyyətlə bitirmək üzrə sertifikatlar əldə edəcəklər.

‘’Technest’’ Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərova sözügedən əməkdaşlıqla bağlı bildirib: ’ İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal savadlılıq sahəsində hazırda bir sıra önəmli layihələrin üzərində çalışır. ‘’Technest’’ çərçivəsində ‘’Coders Azerbaijan’’ Təhsil Mərkəzi, USAID və BST ilə əməkdaşlığa başlamaqdan məmnunuq. Ümidvaram ki, ‘’Coders Caravan’’ layihəsi regionlarda yaşayan xanımlara böyük stimul verməklə onların gələcəkdə İKT mütəxəssisi olaraq əmək bazarında işlə təmin olunmalarına böyük çığır açacaq’’.

USAID-in Azərbaycandakı missiyasının Layihələrin İdarəolunması üzrə Mütəxəssisi Emin Məmmədli qeyd edib ki, “qadınların iqtisadi səlahiyyətləndirilməsi USAİD təşkilatının əsas prioritetlərindən biridir. Kişilərin çoxluq təşkil etdiyi bir sahə üzrə qadın mütəxəssislərin hazırlanması məqsədi daşıyan layihəyə dəstək olmaqdan məmnunuq”.

Qeyd edək ki, təlimlərdə iştirak üçün seçilmiş 20 qadının iştirakı ilə Bakıda görüş təşkil olunmuş, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ‘’Coders’’ Təhsil Mərkəzi, USAİD və BST-nin məsul əməkdaşları xanımları təbrik edərək onlara təhsil prosesində uğurlar diləmiş və xatirə hədiyyələri təqdim etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti