...

Qlobal iqlim dəyişmələri Damcılı bulağa birbaşa təsir göstərir - Nazir müavini

Cəmiyyət Materials 2 May 2024 15:20 (UTC +04:00)
Qlobal iqlim dəyişmələri Damcılı bulağa birbaşa təsir göstərir - Nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişməsinin dolayı yolla təsir göstərdiyi abidələrə Quba şəhərində Soyqırımı Memorial Kompleksi ərazisində yerləşən ermənilər tərəfindən 1918-ci ildə kütləvi qırğınlar nəticəsində həlak olan kütləvi insan məzarlarını göstərmək olar.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, kütləvi məzarlıq açıldıqdan sonra insan sümüklərinin yağış, qar, qrunt suları ilə təmas etməsi və küləklər nəticəsində çürümə prosesi sürətlənmiş və məzarlığın yenidən torpaqla örtülməsinə və bu yolla qorunmasına qərar verilib.

"Qlobal iqlim dəyişmələri nəticəsində yaranan quraqlıq, yağıntıların azalması “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı bulağına birbaşa təsir göstərməkdədir. Digər bulaqlardan fərqli olaraq Damcılı bulağı yerin təkindən deyil, qayalardan süzülərək tökülür. İnsanların daha çox çay kənarlarında məskən saldıqlarını və ərazidə geniş qurumuş çay yatağını əsas gətirərək demək olar ki, buradan vaxtı ilə gur sulu çay axmış olsa da, hazırda su mənbəyi yalnız Damcılı bulağıdır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, təbii və antropogen təsirlərlə bağlı olaraq bulağın suyunda gözlə görüləcək dərəcədə azalma müşahidə olunmaqdadır" - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti