...

Sülh və qlobal təhlükəsizlik naminə dünyaya çağırış

Siyasət Materials 2 May 2024 14:10 (UTC +04:00)
Sülh və qlobal təhlükəsizlik naminə dünyaya çağırış

Bakı. Trend:

May ayının 1-dən 3-dək ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təklifi əsasında 2008-ci ildə mədəniyyətlərarası dialoqa dair bu Forumun əsası qoyulmuşdur və 2011-ci ildə ilk Forum keçirilmişdir. Forumun əsas məramı və məqsədi mədəniyyətlərarası əməkdaşlıq dialoqun təşviq edilməsi üçün mühüm beynəlxalq plaformanın yaradılmasıdır. Bundan öncə keçirilmiş bu Forumlar artıq beynəlxalq platforma olduğunu sübut etmişdir. Azərbaycanda keçirilən tədbirin uğurlu göstəricilərindən biri də Foruma dünyanın 110-a yaxın ölkəsindən aparıcı beynəlxalq təşkilatların, hökumət üzvlərinin, parlament sədrlərinin, parlament üzvlərinin, beynəlxalq media nümayəndələrinin, QHT rəhbərlərinin və nüfuzlu mərkəz təmsilçilərinin iştirak etməsidir. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya üçün vacib və aktual hesab edilən məsələlər müzakirə ediləcəkdir.

Tədbirdə iştirak edən cənab İlham Əliyev bir çox vacib məsələlərə toxunaraq bildirmişdir ki, “Məmnunam ki, burada 100-dən artıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Biz indi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır. Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq? 2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük. Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın”. Qeyd etmək lazımdır ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hal-hazırda dünyada baş verən gərgin və ziddiyyətli bir dönəmdə müxtəlif xalqlar, etnoslar arasında qarşılıqlı anlaşmanı təşviq edən, dini, mədəni və etnik amillərdən irəli gələn müxtəlifliklərdən ərsəyə gələn düşüncələrin həyata keçirilməsində təsirli vasitə kimi faydalanmağın yollarını özündə əks etdirən unikal müzakirə platformasıdır. Ölkəmiz multikultural ənənələri ilə özünü dünyada tanıtmışdır. Azərbaycan Foruma ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa töhfə verərək dünyada baş verən qlobal əhəmiyyətli məsələlərin həllində fəal iştirak edir. Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda ölkəmiz üçün vacib və əhəmiyyətli beynəlxalq tədbir hesab etmək olar. Çünki son zamanlarda ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilib. Ölkəmiz bu tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq plaforma yaradılıb.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələr bu sahədə olan qlobal problemləri müəyyən edərək əməkdaşlıq, hərməylik, tərəfdaşlıq və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində təkliflər verilərək xalqlar, dinlər, mədəniyyətlər və etnik amillər arasında əlaqələrin yaxşılaşdırılması istiqamətində böyük töhfə verəcək.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti