...

Füzuli şəhərindəki binalar ölkəmdəki evlərə bənzəyir - Norveçli səyyah

Cəmiyyət Materials 2 May 2024 11:56 (UTC +04:00)
Füzuli şəhərindəki binalar ölkəmdəki evlərə bənzəyir - Norveçli səyyah
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Eyni şəhərdə dağıdılmış və yeni tikilmiş binalar təzad yaradır. Füzuli şəhərindəki binalar mənim ölkəm Norveçdəki evlərə bənzəyir və çox gözəldir.

Bunu Trend-ə açıqlamasında Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”un üzvü Anna Sofiya Radiş deyib.

Füzulidə sürətli bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinin şahidi olduğunu bildirən səyyah qeyd edib:

“Burada hər şey sürətlə həyata keçirilir. Biz əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduq. Qısa müddət ərzində belə bir aeroportun tikilməsi heyrətamizdir”.

Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin bu gündən Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Vagaclub”un rəhbəri, 35 yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən, bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.

Xəbər lenti

Xəbər lenti