...

Orta Dəhliz müstəsna alternativ kimi sürətlə populyarlıq qazanır - Levan Davitaşvili

İqtisadiyyat Materials 2 May 2024 14:56 (UTC +04:00)
Orta Dəhliz müstəsna alternativ kimi sürətlə populyarlıq qazanır - Levan Davitaşvili
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Hazırkı mürəkkəb qlobal vəziyyətin və təchizat zəncirlərinin şaxələndirilməsinə artan tələbatın fonunda Orta Dəhliz Qara dəniz limanları və ya quru yol marşrutları vasitəsilə Avropa və Asiya arasında ticari axınların asanlaşdırılması üçün müstəsna alternativ kimi sürətlə populyarlıq qazanır.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində "Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"Bunun üçün biz dəmir yollarının, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Şərq-Qərb avtomagistralının, dərinsulu Anaklia limanının modernizasiyası və s. kimi müxtəlif layihələrin köməyilə ölkənin nəqliyyat şəbəkəsini aktiv şəkildə inkişaf etdiririk. Bu strateji investisiyalar Gürcüstanın Avropa və Asiya arasında birləşdirici körpü rolunun gücləndirilməsinə yönəlməklə yanaşı, daima artan nəqliyyat axınlarının təmin edilməsi üçün müvafiq imkanlar yaradır", - o deyib.

O, Gürcüstanın AİB ilə uzunmüddətli əməkdaşlığa malik olduğunu qeyd edib.

"Müxtəlif mühüm infrastruktur layihələrinə 4,5 milyard dollaradək investisiya qoyulub. Bugünkü tədbir həm də ümumi və dayanıqlı inkişaf üçün, xüsusən pandemiya və geosiyasi münaqişələr nəticəsində regiondakı çağırışların fonunda həlledici əhəmiyyət kəsb edir. Pandemiyanın səbəb olduğu böyük makroiqtisadi təsirə baxmayaraq, böhranlar regionların sürətləndirilmiş iqtisadi inkişafı istiqamətində işlərin təkrar yönəldilməsi və gücləndirilməsi üzrə yeni yanaşmalar və innovativ ideyalar doğurub", - o deyib.

L.Davitaşvili bugünkü "Bağlantıların gücləndirilməsi" tədbirinin çox mühüm olduğunu, geniş anlamda bağlantının bir çox sahələri, o cümlədən, rabitə, energetika və nəqliyyatı əhatə edir ki, bu da ölkələrimizə və iqtisadiyyatlarımıza sinergetik və kumulyativ təsir göstərir.

"Qeyd etmək lazımdır ki, post-pandemiya dövründə Gürcüstanın iqtisadi artımı ikirəqəmli göstəriciyə çataraq 2021 və 2022-ci illərdə müvafiq olaraq 10,6% və 11% olub. Tendensiya 2023-cü ildə 7,5% və 2024-cü ilin yanvar-fevral aylarında 7,7% artım sürəti ilə davam edib. Struktur islahatları ilə yanaşı regional bağlantıların möhkəmləndirilməsi iqtisadi sabitliyi və dayanıqlı uzunmüddətli artımı təmin etməyə kömək edir", - o deyib.

Baş nazirin birinci müavini strateji müttəfiqlik layihələrinin icrasının sürətləndirilməsində özəl sektorun və beynəlxalq maliyyə institutlarının həlledici rol oynadığını qeyd edib, həmçinin AİB-ə və digər maliyyə institularına Gürcüstanda keyfiyyətli infrastrukturun qurulmasında uzunmüddətli dəstəklərinə görə minnətdarlığını bildirib.

İqtisadiyyat naziri, həmçinin, Gürcüstanın enerji bağlantıları nöqteyi-nəzərindən əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Qara dənizin dibi ilə sualtı kabelin çəkilişi layihəsi daha iddialıdır və regional bağlantıları möhkəmləndirəcək.

"Bu flaqman layihənin həm Avropa, həm də Qafqaz üçün əhəmiyyətini nə qədər qiymətləndirsək azdır - o, təkcə tədarük marşrutlarının şaxələndirilməsinə və tədarük risklərinin azalmasına xidmət etmir, həm də Gürcüstanda və daha geniş regionda bərpa olunan enerji mənbələrinin inkişfına köməklik üçün böyük potensiala malikdir", - o deyib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Gürcüstan bu il AİB-in illik tədbirinə ev sahibliyi edir.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti