...

Yeni qaydalarda müəyyən edilən tələblər fiziki ödəniş kartlarından imtina edilməsi üçün mühüm addımdır - Tamerlan Rüstəmov (ÖZƏL MÜSAHİBƏ)

Telekommunikasiya Materials 2 May 2024 10:23 (UTC +04:00)
Yeni qaydalarda müəyyən edilən tələblər fiziki ödəniş kartlarından imtina edilməsi üçün mühüm addımdır - Tamerlan Rüstəmov (ÖZƏL MÜSAHİBƏ)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda"da qeyd olunan tələblər Azərbaycanda fiziki ödəniş kartlarından imtina edilməsi üçün mühüm addımdır.

Bu barədə Trend-ə özəl müsahibəsində Bank of Baku ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov deyib.

"İlk növbədə qeyd edilməlidir ki, bu qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin tətbiqi məqsədilə qəbul olunub. Rəqəmsal ödəniş ekosistemində bir sıra yeni yanaşmaları təyin edən bu qaydada ilk dəfə olaraq ödəniş alətləri olan kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və elektron pul üzrə tələblər müəyyən edilib", - T.Rüstəmov deyib.

Onun sözlərinə görə, bank olmayan kredit təşkilatları tərəfindən kredit kartlarının emissiyası da bu qaydanın tələblərinə uyğun həyata keçiriləcək.

"Bu əsasda bank olmayan kredit təşkilatları tərəfindən ödəniş hesabları Mərkəzi Bankın "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası"na uyğun olaraq təmin ediləcək", - T.Rüstəmov deyib.

O qeyd edib ki, qaydada ənənəvi "ödəniş tapşırığı" anlayışı "kredit köçürməsi" ilə əvəz olunub, kiçikhəcmli ödəniş alətlərinə dair tələblər müəyyən edilib. Həmçinin, ödəniş sərəncamının, ayrılıqda inkasso sərəncamları, vergi və gömrük orqanlarının sərəncamlarının icrasına dair ümumi çərçivə tələbləri qorunub saxlanılıb.

"Qaydada ödəniş xidməti istifadəçisi olan ödəyiciyə ödəniş kartı ilə ödəniş əməliyyatının aparılmasına imkan verən ödəniş aləti, o cümlədən, kart, ödəniş tətbiqi yüklənmiş mobil cihaz (telefon və ya digər avadanlıq) kart əsaslı ödəniş aləti olaraq müəyyən edilib. Bu isə ödəniş tətbiqi yüklənmiş mobil cihaz vasitəsilə ödəniş əməliyyatlarının icrası zamanı kart əsaslı ödəniş alətlərinə dair tələblərin tətbiqi deməkdir. Bu qaydanın qüvvəyə minməsi ilə "Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat" və "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları" qüvvədən düşür", - deyə T.Rüstəmov bildirib.

Onun sözlərinə görə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumat təhlükəsizliyinin təmin edilməsi prioritet məsələ olaraq "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda da müəyyən edilib. Yeni Qaydada bu tələbin əhatə dairəsi daha da genişləndirilərək, bütün ödəniş alətlərinə şamil edilib.

"Belə ki, Qaydanın 3.17-ci maddəsinə əsasən - ölkə daxilində aparılmış ödəniş əməliyyatları haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin, ödəniş alətinin emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi ölkə daxilində həyata keçirilir".

Əvvəlki redaksiyada bu tələb ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə ancaq xidmət mərkəzlərinə şamil edilirdi. Hazırda isə, hər hansı bir subyekt, o cümlədən, ödəniş xidməti təchizatçısı, ödəniş sistemi operatoru arasında fərq qoyulmadan hər biri əhatə edilib", - deyə o bildirib.

Ekspert qeyd edib ki, ölkəmizdə GooglePay, ApplePay kimi innovativ ödəniş həll və texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi ilə əlaqədar olaraq istisna tələbi bu Qaydada da qorunub saxlanılıb.

"Qaydanın 3.18-ci maddəsinə əsasən - ödəniş xidməti təchizatçıları və ödəniş sistemi operatorları ilə ölkə xaricində fəaliyyət göstərən ödəniş sistemi operatorları arasında ölkə daxilində aparılan əməliyyatlar barədə birbaşa məlumat mübadiləsi aparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadilə olmadan həyata keçirilməsi mümkün olmasın", - o deyib.

T.Rüstəmov bildirib ki, Qaydaya əsasən elektron pul yalnız iki formada eyniləşmiş və ya eyniləşməmiş formada emissiya edilə bilər. Eyniləşdirilməsi tələb edilməyən elektron pula dair tələblər, yəni maksimum məbləği və istifadə şərtləri kiçik həcmli ödəniş alətləri ilə eynidir.

"Kiçik həcmli və eyniləşdirilməsi tələb olunmayan ödəniş aləti üzrə bir təqvim ayı ərzində ödəniş əməliyyatlarının həcmi 300 (üç yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan, bu alətdə saxlanılan pul vəsaitinin həcmi də 300 (üç yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamalıdır. İstifadəçisi yalnız fiziki şəxs olan bu ödəniş aləti ilə yalnız ölkədaxili ödəniş əməliyyatları aparılır. Bu ödəniş aləti ilə pul köçürmələri və və pul vəsaitinin nağd qaydada məxarici əməliyyatlarının aparılmasına icazə verilmir. Elektron pul milli və xarici valyutada emissiya edilə bilər.

Ödəniş xidməti təchizatçıları tərəfindən emissiya edilən elektron pul üzrə öhdəliklərinin maksimum həcminə dair tələb isə Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bu tələb hər bir ödəniş xidməti təchizatçısına münasibətdə fərdi qaydada müəyyən edilə bilər", - deyə ekspert əlavə edib.

Departament direktorunun müavini elektron pulun əmanət hesab edilmədiyini qeyd edib.

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 13.1.2-ci maddəsinə əsasən elektron pul sahibi olmaq istəyən şəxsə elektron pulun emissiyasından əvvəl elektron pulun emissiyası və elektron puldan istifadə qaydaları ilə bağlı məlumat verilərkən elektron pulun "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmanət hesab edilmədiyi, sığortalanmadığı, habelə həmin vəsaitlərə faiz və ya digər formada gəlir ödənilmədiyi bildirilməlidir", - o deyib.

T.Rüstəmov vurğulayıb ki, ölkəmizdə ilk dəfə olaraq ödəniş kartları bazarında rəqabət mühitinin daha da gücləndirilməsi, intereçync xidmət haqlarının və cashback layihələrinin həyata keçirilməsində baş verə biləcək mənfi halların aradan qaldırılması məqsədilə "MCC code" adı ilə tanınan təsərrüfat subyektlərinin ticarət kodlarının tənzimlənməsi təmin edilib.

"Tələbə əsasən ekvayer kart əsaslı ödəniş əməliyyatı zamanı təsərrüfat subyektinin fəaliyyət sahəsinə uyğun olaraq təsərrüfat subyektinin ticarət kodunu (MCC kodunu) təyin etməlidir. Habelə, ekvayer kart əsaslı eyni ödəniş əməliyyatının avtorizasiyası və klirinqi üzrə təsərrüfat subyektinin ticarət kodunu dəyişmədən təqdim etməlidir. Belə ki, bu kodların dəyişdirilərək klirinq üzrə sonradan fərqli formada təqdim edilməsi interçeync xidmət haqlarının hesablanmasına və emitentin gəlirliliyinə birbaşa mənfi təsir göstərir", - o deyib.

Ekspertin sözlərinə görə, digər bir yeniliyə əsasən ödəniş kartının üzərində rekvizitlərinin əks olunması artıq məcburi xarakter daşımır.

"Lakin emitent bu məlumatları, yəni emintetin adı, ödəniş kartının nömrəis, qüvvədə olma müddəti, müraciətləri günün 24 (iyirmi dörd) saatı müddətində qəbul edən emitentin və ya emitentin xidmət olunduğu ödəniş sistemi operatorunun əlaqə vasitələrini kart istifadəçisi üçün əlçatan etməlidir. Bu tələb ictimaiyyətimizdə ödəniş kartından fiziki asılılığın aradan qaldırılması və növbəti mərhələdə fiziki kartlardan tam imtina edilməsi istiqamətində mühüm bir irəliləyişdir. Bu yanaşma mobil bankçılıq xidmətinin inkişaf etdirilməsinə əlavə dəstək göstərəcəkdir. Qaydadan, korporativ kartlara dair məhdudlaşdırıcı xarakterli tələblər çıxarılıb. Hesab edirəm ki, növbəti strateji dövrdə bu korporativ kartların ödəniş aləti olaraq istifadəsini daha da genişləndirəcəkdir", - o deyib.

T.Rüstəmov qeyd edib ki, Qaydanın tələbinə əsasən, əvvəlcədən ödənilmiş ödəniş alətləri ilə həyata keçirilən ödəniş əməliyyatları üzrə pul vəsaitlərinin uçotu emitent tərəfindən ümumi (konsolidə olunmuş) hesab üzrə aparıla bilər.

"Emitentlər ödəniş sistemlərində, o cümlədən Ani Ödəniş Sistemində iştirak məqsədilə eyniləşdirilən əvvəlcədən ödənilmiş kartların uçotunu ayrıca ödəniş hesabları üzərindən həyata keçirə bilər. Bu, əvvəlcədən ödənilmiş ödəniş alətinin bağlı olduğu ödəniş hesabına IBAN tətbiq etməklə ödənişlərin aparılmasına imkan verəcəkdir. Bu tələbə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar əvvəlcədən ödənilmiş ödəniş alətləri üzrə əməliyyatlar apara bilər. Bu ödəniş əməliyyatlarının uçotu isə ümumi (konsolidə olunmuş) hesab üzrə deyil, fərdi qaydada aparılmalıdır", - deyə o son olaraq bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti aprelin əvvəlində "Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda"nı təsdiq edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti