Bakı. Trend:
Münaqişələrin, böhranların aradan qaldırılmasında dialoq çox önəmlidir. Təəssüflər olsun ki, hazırda dünyada irqi ayrı-seçkilik kimi bir çox ciddi problemlərlə qarşılaşırıq, həll olunmamış bir çox böhranlar, konfliktlər var.
Trend-in məlumatına görə, bunu Pakistanın UNESCO yanında daimi nümayəndəsi səfir Asim İftixar Əhməd Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı panel müzakirəsi zaman deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, bu münaqişələrin, böhranların həlli istiqamətində lazım olan addımlar atılmır.
“Bakı prosesi və digər bu kimi platformalar svilisaziyalar arasında körpülər yaratmaq üçün mühüm vasitədir. Hər bir fərdin səsini eşidərək, həmrəy olan qarşılıqlı inam şəraitində yaşamalıyıq”, - deyə Asim İftixar Əhməd vurğulayıb.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.