Tbilisi. Trend:
Gürcüstan Azərbaycan - Avropa İttifaqı (Aİ) "yaşıl" dəhlizinin reallaşdırılması üçün özəl sektoru cəlb edəcək.
Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının sədri və gürcüstanlı rəhbəri, Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində "Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışında deyib.
"Texniki-iqtisadi əsaslandırmaya gəlincə, qarşıdakı bir neçə ay ərzində nəticələr əldə edəcəyimizə ümid edirik. Layihə çərçivəsində regiondakı tərəfdaş ölkələrlə əməkdaşlıq edirik. Özəl sektordan maliyyə cəlb etməyin üzərində çalışacağıq", - nazir deyib.
Onun sözlərinə görə, bərpa olunan enerji sahəsində bütün region ölkələrinin potensialından istifadə olunmalıdır.
Qeyd edək ki, mayın 2-dən 5-dək keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.
Rəhbərlər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Tədbirdə AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri və AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.
İllik toplantı AİB-in idarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Toplantıda mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli hökumət rəsmiləri, özəl sektorun, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edirlər.
(Tərcümə: Rəna Əbdürəhmanova)