...

Ermənistanda elektrik enerjisi bahalaşacaq

Dünya xəbərləri Materials 14 May 2015 14:04 (UTC +04:00)
Çox güman, Ermənistanda elektrik enerjisinin tarifi 2016-cı ildə də artacaq. Bu barədə Ermənistanın Energetika və Təbii Resurslar naziri Yervand Zaxaryan bildirib, 1in məlumat verir.
Ermənistanda elektrik enerjisi bahalaşacaq

Azərbaycan, Bakı, 14 may /Trend/

Ermənistanda elektrik enerjisinin tarifinin 2016-cı ildə də artacağı gözlənilir. Trend-in "1in" agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Ermənistanın Energetika və Təbii Resurslar naziri Yervand Zaxaryan bildirib.

O qeyd edib ki, artıq bu il elektrik enerjisinin bahalaşacağı məlumdur.

""Ermənistanın elektrik şəbəkəsi" (EEŞ) şirkəti artıq Ermənistan İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyasına cari tarifin 17 dram artırılması tələbi ilə ərizə təqdim edib. Ancaq bu da kifayət etmir. Çox güman ki, Ermənistanda elektrik enerjisinin tarifi 2016-cı ildə də artacaq", - deyə Y.Zaxaryan bildirib.

Məlumdur ki, növbəti yazda yenidənqurma işləri ilə əlaqədar olaraq Ermənistan AES-i altı ay işləməyəcək: "Bu dövr ərzində elektrik enerjisinə olan defisit əsasən Razdan İES-nin hesabına ödənəcək. Bu da kifayət qədər bahadır və ötən il olduğu kimi elektrik enerjisinin qiyməti yenə artacaq" - deyə nazir bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə Ermənistanda elektrik enerjisi dörd dram artıb: "Buna səbəb atom stansiyasının əlavə 88 gün işləməməsi və EEŞ-in yüksək qiymətə Razdan İES-dan əlavə elektrik enerjisi alması olub".

"Bu dəfə elektrik enerjisinin bahalaşmasına səbəb EEŞ-in 24 milyard dramlıq borcunun kompensasiya edilməsidir", - deyə Y.Zaxaryan bildirib.

Nazirin sözlərinə görə, EEŞ-in bu qədər borc yığmasının üç səbəbi var - adi atom stansiyası, ötən il suyun az olması və balans rejiminin pozulması. Nazir bildirib ki, EEŞ bu səbəblərə görə məsuliyyət daşımır, deməli, elekltrik enerjisinə olan tarif artırılmalıdır.

Bununla belə, Zaxaryan maraqlı bir bəyanat da verib: "Paylayıcı şəbəkələrdə elektrik enerjisinin itkisi təqribən 15-16 faiz, icazə verilən hədd isə 12 faiz olmalıdır. Son bir neçə ildə normanı 4-5 faiz üstələyən itkilər qeydə alınıb".

Nazirin sözlərinə görə, il ərzində 1 faiz itki isə 2,5 milyard dram deməkdir: "Yəni, hər il normaları keçən itkilərin qiyməti 10 milyard dram təşkil edib. Qalan 12 faiz artıq tarifdə hesablanıb".

Rəsmi bəyanatlardan asılı olmayaraq, belə bir qərara gəlmək olar ki, EEŞ-in əsas borcunu bu itkilər formalaşdırır. İtkilərdə texniki səbəblərin, sistemdəki oğurluq nəticələrinin neçə faiz olması ilə bağlı sualları Y.Zaxaryan cavablandırmaq istəməyib. O, itkiləri araşdıran xüsusi komissiyanın olduğunu bildirib.

Nazir elektrik enerjisinin bahalaşmasını Ermənistanın enerji daşıyıcılarının olmaması ilə əlaqələndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti