Bakı. Trend:
Polis, Tokioda hakim Liberal Demokrat Partiyasının qərargahı önünə bir neçə Molotov kokteyli atan və sonra avtomobillə baş nazirin iqamətgahına girməyə cəhd edən şəxsi tutub.
Trend xəbər verir ki, bu barədə NHK telekanalı məlumat verib.
Saxlanılan şəxs, partiya qərargahının girişinə beş-altı Molotov kokteyli atıb. Butulkalardan biri polis maşınına dəyib, lakin xəsarət alan olmayıb. Daha sonra şübhəli, hökumət başçısının iqamətgahına daxil olmaq istəsə də, hasara çırpılıb və cinayət yerindən qaçıb. O, tüstü bombasına bənzəyən bir əşyanı atmaq istəyib, lakin saxlanılıb.
Hadisənin bəzi görüntülərini sosial şəbəkələrdə yerləşdirən şahidlərin sözlərinə görə, cinayətkarın avtomobili baş nazirin iqamətgahı yaxınlığında hasara çırpıldıqdan sonra yanıb. Yanğının dəqiq səbəbi bilinmir, amma avtomobilin yanından akkumulyator, qaz anbarı və kerosin dolu plastik qablar aşkar edilib.
Saxlanılan şəxs, Tokio ilə qonşu olan Sayama prefekturasının Kavaquçi şəhərindən 49 yaşlı Atsunobu Usudadır. Onun motivləri hələ məlum deyil və o, dindirilmə zamanı susub.
Hal-hazırda Yaponiyada parlamentin aşağı palatasına oktyabrın 27-də keçiriləcək növbədənkənar seçkilər ərəfəsində seçki kampaniyası davam edir. Oktyabrın 1-dən hökumət başçısı, sentyabrın 27-də LDP sədri seçkilərində qalib gələn Şiqeru İşibadır.