Bakı. Trend:
Tanzaniyanın ən böyük şəhəri Dar əs-Salamın mərkəzindəki Kariaku rayonunda yerləşən bazarda bina çöküb, nəticədə 13 nəfər həlak olub, 84 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə ölkə prezidenti Samiya Suluhu Həsən videomüraciətində məlumat verib. Xilasedicilər dağıntılar altından 13 nəfərin meyitini çıxarıb və azı 84 nəfəri xilas ediblər.
Dar əs-Salamın regional komissarı Albert Çalamilin sözlərinə görə, çökmüş binanın zirzəmisində hələ də insanların olduğu ehtimal edilir. Zirzəmidə qalan şəxslər oksigen və su ilə təmin olunub. "Onların vəziyyəti sabitdir və biz onların sağ-salamat xilas ediləcəyinə inanırıq", - deyə Çalamil bildirib.
Hadisənin səbəbləri hələlik tam aydın deyil. Şahidlərin dediyinə görə, bina yeraltı mərtəbələrin genişləndirilməsi işləri zamanı çöküb. Prezident Samiya Suluhu Həsən, çökmənin səbəblərinin araşdırılması üçün göstəriş verib və Baş nazir Kassim Macalivanın rəhbərliyi altında Kariakudakı bütün binaların vəziyyətinin yoxlanılmasını tapşırıb.