Bakı. Trend:
Ekvador hökuməti ölkə boyu meşə yanğınlarının artması, su qıtlığı və quraqlıq səbəbindən 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.
Trend xəbər verir ki, bu barədə Ekvadorun Risklərin İdarə Edilməsi Katibliyi məlumat yayıb. Fövqəladə Hallar Komitəsinin prezidenti İnes Mansano vəziyyətin ciddiliyini vurğulayaraq fövqəladə tədbirlərin görülməsinin zəruriliyini təsdiqləyib.
Hazırda ölkədə 17 aktiv və 5 nəzarət altında olan yanğın qeydə alınıb. Ən kritik vəziyyət Asuay və Loxa əyalətlərindədir. Yanğınları söndürmək üçün hava dəstəyindən, xüsusilə helikopterlərdən istifadə edilir.
Rəsmi məlumatlara görə, noyabrın 1-dən bəri Asuay əyalətində 1,7 min hektar, Loxa əyalətində isə 8,5 min hektardan çox bitki örtüyü məhv olub. Yanğınların miqyasını və təsirini azaltmaq üçün hökumət genişmiqyaslı tədbirlərə başlayıb.
Fövqəladə vəziyyət çərçivəsində yanğınların söndürülməsi, əhalinin təhlükəsizliyinin təmin olunması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün resurslar səfərbər edilib.