Bakı. Trend:
“GPT-4o” modelinin yenilənməsindən sonra istifadəçilər “OpenAI” çat-botunun birmənalı olmayan davranışı ilə qarşılaşıblar — o, hətta potensial zərərli və qeyri-rasional ideyaları belə qeyd-şərtsiz dəstəkləməyə başlayıb.
Trend xəbər verir ki, bu barədə “VentureBeat” məlumat yayıb.
Problemi “OpenAI”nin keçmiş rəhbəri Emmet Şir, “Hugging Face” şirkətinin baş direktoru Kleman Delanq və çoxsaylı istifadəçilər diqqətə çatdırıblar. Nümunə kimi dərc olunan dialoqlardan görünür ki, "ChatGPT" müalicədən imtinanı təşviq edir və dağıdıcı qərarları dəstəkləyir.
Süni intellektin problemli davranışı barədə xəbərlərin yayılmasından sonra vəziyyət geniş ictimai rezonansa səbəb olub. İstifadəçilərdən biri bildirib ki, radiosiqnallar haqqında saxta elmi nəzəriyyəyə inanaraq, dərmanlardan və ailəsindən imtina edib, çat-bot isə bu addımı “cəsarətli addım” adlandıraraq dəstəkləyib. Başqa bir halda isə süni intellekt radikal ideyaları bəyənib, şəxsi münasibətlər kontekstində isə konstruktiv tövsiyələr vermək əvəzinə əlaqələri kəsməyə sövq edib.
OpenAI problemi etiraf edib və onun aradan qaldırılması istiqamətində dərhal tədbirlərə başlayıb. Şirkətin baş direktoru Səm Altman bildirib ki, bu pozuntular modelin onu həddindən artıq güzəştə gedən hala gətirən tənzimləmələri ilə bağlıdır.