...

Şahbaz Quliyev və Dilqəm Əsgərovun huquqlarının müdafiəsi məqsədi ilə tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2014 15:58 (UTC +04:00)
Bu gün “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycanın işğal edilmiş ərazisində - Kəlbəcər rayonunda Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlıların - Şahbaz Quliyev və Dilqəm Əsgərovun huquqlarının müdafiəsi məqsədi ilə tədbir keçirib.
Şahbaz Quliyev və Dilqəm Əsgərovun huquqlarının müdafiəsi məqsədi ilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün "Azıxantrop" Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycanın işğal edilmiş ərazisində - Kəlbəcər rayonunda Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlıların - Şahbaz Quliyev və Dilqəm Əsgərovun huquqlarının müdafiəsi məqsədi ilə tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə Ş.Quliyevin və D.Əsgərovun ailə üzvləri, Qarabağ Azadlıq Təşkilatının nümayəndələri, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təşkilat sədri Rəsmiyyə Babayeva azərbaycanlı girovların vəziyyəti barədə danışıb. O, qeyd edib ki, girovların saxlanmasında beynəlxalq konvensiyalara əməl edilməyib: "İndiyə qədər bu insanların saxlanma şəraiti barədə məlumat verilməyib. Heç bir hüquqi əsası olmayan məhkəmə zamanı çəkilən videogörüntülərdən onların nə qədər işgəncəyə məruz qaldığı aydın görünür".

R.Babayeva beynəlxalq təşkilatların da məsələyə ikili standartlarla yanaşdığını diqqətə çatdırıb.

Tədbirdə daha sonra çıxış edən Ş.Quliyevin qardaşı İlham Quliyev öz narahatlığını ifadə edib. O, qeyd edib ki, girovlar saxta məhkəməyə gözübağlı, qandallı gətirilirlər: "Onların heç bir hüququ təmin olunmur, onlara istədikləri işgəncəni verirlər".

Girovların hazırkı durumunun ağır olduğunu qeyd edən İ.Quliyev bildirib ki, əgər onlar 2-3 ay da girovluqda qalsalar, həyatları təhlükə qarşısında olacaq.

D.Əsgərovun qardaşı Sahib Əsgərov da beynəlxalq təşkilatların məsələrə ikili yanaşmasından narahatlığını ifadə edib: "Mən dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət etmişəm, lakin onlardan heç bir cavab gəlməyib".

Qeyd edək ki, məsələ ilə bağlı "Azıxantrop" Tarixi Araşdırmalar İctimai Birliyi BMT-nin baş katibinə, BMT-nin İnsan Hüquqları Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Şurasına, Avropa Komissiyasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin ölkəmizdəki səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlanyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti