"Azadlıq" bloku avqustun 15-i, 16-sı, 17-si və 18-də Prezident Aparatının və Yeni Azərbaycan Partiyasının (YAP) qarşısında keçirmək istədiyi piketləri təxirə salıb.
Bu barədə Trend ə "Azadlıq" blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədr müavini Həsən Kərimov məlumat verib.
Qeyd edək ki, son günlərdə AXCP-yə qarşı başlanan təzyiqlərə, əks-təbliğat kampaniyasına, partiyanın qarşısında təşkil olunan aksiyalara etiraz əlaməti olaraq YAP-ın və Prezident Aparatının qarşısında piketlər keçirilməsi planlaşdırıldı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti həmin piketlərə icazə verməyib.
Həsən Kərimov bildirib ki, beynəlxalq təşkilatların, diplomatik korpusların qınağından sonra artıq bir neçə gündür AXCP-yə qarşı qarşı hücumlar səngiyib və partiyanın qarşısında aksiyalar keçirilmir.
Buna görə də "Azadlıq" blokunun silsilə piketlər keçirməsinin təxirə salınmasına qərar verilib. H.Kərimov onu da qeyd edib ki, əgər AXCP-yə qarşı hücumlar yenidən davam etdirilsə, o zaman Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verib-verməməsindən asılı olmayaraq piketlər keçiriləcək.