Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir çox mühüm məsələlərə toxunub. Dövlət başçısı bildirib ki, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı, baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.
Proseslər onu göstərir ki, Azərbaycan və Ermənistan ikitərəfli formada daha müsbət nəticələr əldə edirlər. Aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə edilən nəticələr də ikitərəfli görüşlərin daha səmərəli nəticələr verdiyini, vasitəçilər olduqda isə prosesin uzandığını göstərir.
Məsələ ilə bağlı Milli Məclisin deputat Sevinc Hüseynova və siyasi şərhçi Elçin Mirzəbəyli Trend-ə açıqlama verib.
S.Hüseynova bildirib ki, biz 30 illik işğal zamanı onun şahidi olduq ki, məhz elə vasitəçilərin iştirakı, əslində, prosesi xeyli uzatdı və demək olar ki, danışıqları praktiki cəhətdən dalana dirədi.
“Hətta vəziyyət o həddə çatdı ki, az qala beynəlxalq ictimaiyyətə çatdırsınlar ki, bu münaqişənin həlli mümkün deyil. Bu, onu göstərdi ki, əslində, vasitəçilər münaqişənin həllində deyil, daha çox öz maraqlarının təmin edilməsində maraqlı idilər ki, bu da danışıqlar prosesini illərlə uzadırdı. Bu baxımdan, təbii ki, daha effektiv olar ki, müqavilə iki tərəfin maraqlarına uyğun şəkildə imzalansın və özləri arasında bilavasitə danışaraq, sülhə nail olsunlar.
Dövlət başçısı, həmçinin, Fransa, Hindistan və Yunanıstanın Ermənistanı bizə qarşı silahlandırdığını diqqətə çatdırdı və qeyd etdi ki, əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq.
Bu, həm Ermənistan, həm də Ermənistanın havadarlarına verilən bir mesaj idi ki, onlar Ermənistanı silahlandırmaqdan çəkinsinlər. Azərbaycan sülh tərəfdarıdır. Əgər Ermənistanın havadarları yenə də onu silahlandırmağa davam etsələr, sülh müqaviləsini imzalamaqdan yayındırmağa çalışsalar və müharibəyə təhrik etsələr, təbii ki, Azərbaycanın nəyə qadir olduğu artıq bütün dünyaya bəllidir”, - deyə deputat əlavə edib.
E.Mirzəbəyli isə bildirib ki, Ermənistanla sülh prosesinə münasibətdə dövlətimizin mövqeyi kifayət qədər aydındır.
"Əgər üçüncü tərəflərin geosiyasi iddialardan qaynaqlanan müdaxilələri, beynəlxalq ictimai rəyi çaşdırmaq niyyətləri tamamilə aradan qalxarsa, o zaman qısa müddət ərzində, təkcə Cənubi Qafqazın deyil, daha geniş subregionun təhlükəsizliyinə zəmin yarada biləcək nəticələrin əldə edilməsinin şahidi ola bilərik. Bu baxımdan, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tamamilə real görünür.
Əks təqdirdə, prosesə müxtəlif yollarla müdaxilə etməyə çalışanlar, revanşçı meyilləri stimullaşdıranlar qarşılarında Azərbaycan dövlətinin sarsılmaz, prinsipial mövqeyini, Azərbaycan xalqının milli iradəsini görəcəklər. Yəni Fransa, Hindistan və Yunanıstan kimi ölkələrin Ermənistanı Azərbaycana qarşı silahlandırması da heç bir nəticə verməyəcək və Azərbaycanın, dövlətimizin başçısının bəyan etdiyi kimi, oturub gözləmək kimi bir niyyəti yoxdur. Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsi kimi, bölgədə cərəyan edən proseslərin quruluşçusudur, müşahidəçisi deyil. Bu, o deməkdir ki, dəyərləndirmələri də milli maraqlarımıza, təhlükəsizliyimizə, baxış bucağımıza uyğun şəkildə aparırıq.
Bunla bağlı Prezident İlham Əliyev son mesajını da verdi: Ciddi təhdid görsək, ciddi tədbirlər həyata keçirəcəyik!", - deyə E.Mirzəbəyli əlavə edib.