...

Rusiya sülhməramlılarının ərazimizi tərk etməsi Moskva ilə münasibətlərdə yeni səhifə açır - Rauf Əliyev

Siyasət Materials 25 Aprel 2024 14:07 (UTC +04:00)
Rusiya sülhməramlılarının ərazimizi tərk etməsi Moskva ilə münasibətlərdə yeni səhifə açır - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə cari ilin 22 aprel tarixində Moskvaya işgüzar səfəri ölkələrimiz arasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya arasında münasibətlər müsbət dinamika üzrə inkişaf etməkdədir. Tarixi köklərə, qonşuluq münasibətlərinə əsaslanan bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir. Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərindən, antiterror tədbirlərindən sonra regionda yaratdığı yeni reallıqlar, Rusiya sülhməramlılarının ərazimizi tərk etməsi və Moskva ilə də münasibətlərdə yeni səhifə açır. Cənab İlham Əliyevin Baykal-Amur Magistralının (BAM) inşasına başlanmasının 50 illiyi münasibətilə rusiyalı həmkarı Vladimir Putin tərəfindən bu ölkəyə dəvət edilməsi ölkələrimiz arasında olan sıx əlaqələrin göstəricisidir. Ölkə başçılarının təkbətək görüşü zamanı bir sıra vacib məsələlər, o cümlədən, logistika, təhlükəsizlik mövzusunda danışıqlar aparılıb.

Görüş zamanı cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki, “BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş bugünkü tədbirdə iştirakla bağlı dəvətinizə görə ayrıca təşəkkürümü bildirirəm. Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksək qiymətləndiririk. Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla da görüşəcəyik”. Qeyd etmək lazımdır ki, dövrünün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı dünyanın ən uzun dəmir yolu xətlərindən biri olub və bu baxımdan BAM xəttini "Əsrin layihəsi" adlandırırdılar. BAM eyni zamanda SSRİ-nin irimiqyaslı iqtisadi layihəsi idi. BAM ölkənin şərq bölgələrini effektiv inkişaf etdirmək, yeni sənaye zonaları yaratmaq, xarici texnologiyalara sahib olmaq müasirləşmək, qarşılığında isə inkişaf etmiş kapitalist ölkələrin təbii sərvətlər təchizatçısı kimi SSR-nin rolunun gücləndirilməsi kontekstində hazırlanmışdı.

Ölkə başçısı cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, “Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq”. Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırır və regionda sülhün olmasına xidmət edir. Ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər ölkələrimiz arasında münasibətləri daha da yaxşılaşdırıb. Azərbaycan-Rusiya ölkə başçılarının siyasi iradəsinə uyğun olaraq, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişafdadır etməkdədir. Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş zamanı Ulu Öndər Heydər Əliyev keçmiş SSRİ-nin Baş nazirinin birinci müavini vəzifəsində çalışdığı dönəmdə BAM-ın inşasına şəxsən nəzarət etməsi sayəsində nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin olmasından danışılması hər bir azərbaycanlı üçün fəxarətdir. Ölkə başçısı cənab İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək eyni zamanda Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olmasının bariz nümunəsidir. Dövrün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı tikintisinin sürətləndirilməsində yeni ideyaları ilə ölkəmiz adını Rusiya dostluq tarixinə qızıl hərflərlə yazdırıb və bu gündə Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edir, regionda sülhün, sabitliyin, əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səyləri uğurla həyata keçirir.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti