...

Azərbaycan və Ermənistan arasında sərhədlərin qarşılıqlı tanınması təhlükəsizliyin təminatıdır - Alen Simonyan

Gündəm Materials 25 Aprel 2024 16:43 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında sərhədlərin qarşılıqlı tanınması təhlükəsizliyin təminatıdır - Alen Simonyan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında qarşılıqlı tanınan sərhəd təhlükəsizliyin təminatıdır.

Trend-in Ermənistan KİV-ə istinadən məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, təhlükəsizliyin təminatı Silahlı Qüvvələrin mövqeləri deyil, sərhəddir.

"Zəmanət qanuni, qarşılıqlı tanınan sərhəddir", - Simonyan əlavə edib.

Simonyan qeyd edib ki, “müharibə” anlayışı unudulmalı və gündəmdən çıxarılmalıdır.

"Bu, ən yaxşı zəmanətdir", - o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında deyilir ki, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.

Əlavə edilib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Xəbər lenti

Xəbər lenti