...

COP29 Azərbaycanda və ondan kənarda təmiz enerjiyə keçiddə dönüş nöqtəsi ola bilər - Fatih Birol (Özəl müsahibə)

Yaşıl iqtisadiyyat Materials 25 Aprel 2024 08:00 (UTC +04:00)
COP29 Azərbaycanda və ondan kənarda təmiz enerjiyə keçiddə dönüş nöqtəsi ola bilər - Fatih Birol (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 Azərbaycanda və onun hüdudlarından kənarda təmiz enerjiyə keçiddə dönüş nöqtəsi ola bilər.

Bunu Trend-ə özəl müsahibəsində Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol deyib.

“Uzun illərdir ki, Azərbaycanla Avropa arasında yaxşı, qarşılıqlı faydalı əlaqələr mövcuddur. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə enerji resurslarını tədarük etməklə artıq Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu sübut edib. Ölkə həm külək, həm də günəş enerjisi sahəsində də böyük potensiala malikdir. Hökumət bu istiqamətdə addımlar atır və bərpa olunan enerji potensialını maksimum dərəcədə artırmaq üçün yaxşı planlara malikdir. Günəş enerjisi sahəsində hərracın elan edilməsi bu istiqamətdə gözəl nümunədir", - deyə o bildirib

Birol hesab edir ki, bu planlar reallaşarsa, Azərbaycan təmiz enerji sahəsində də Avropa üçün yaxşı tərəfdaş ola bilər.

“Bununla bağlı çox parlaq nümunələr var, o cümlədən Qara dənizin dibi ilə kabel çəkilişi layihəsi. Təbii qaza əsaslanan mövcud enerji tərəfdaşlığı ilə yanaşı, bərpa olunan enerji Avropanın və bütün dünyanın ehtiyac duyduğu mühüm komponentə çevrilə bilər və Azərbaycanın bu sahədə çox yaxşı potensialı var. Avropanın yaşıl keçidi təmiz enerjiyə, yəni günəş enerjisi, külək enerjisi, enerji səmərəliliyi, həmçinin bəzi ölkələrdə yaşıl hidrogen və nüvə enerjisinə əsaslanır. Azərbaycan artıq təmiz enerji sahəsində müəyyən addımlar atıb, lakin bu, ölkənin malik olduğu ümumi potensialın yalnız bir neçə faizini təşkil edir. Ona görə də mən həqiqətən ümid edirəm ki, bu potensial, ilk növbədə, Azərbaycanın daxili bazarında tam olmasa da, böyük ölçüdə istifadə olunacaqdır”, - deyə BEA-nın icraçı direktoru bildirib.

Bundan əlavə, Birolun qeyd etdiyi kimi, potensial o qədər böyükdür ki, Azərbaycan, müxtəlif yollarla Avropaya yaxşı ixrac mənbəyinə çevrilə bilər.

“Mən həmçinin hesab edirəm ki, Azərbaycan ölkə daxilində enerji səmərəliliyinin artırılmasına diqqət yetirməlidir. Burada böyük potensial var. Bu baxımdan, COP29 təkcə regional və beynəlxalq səviyyədə deyil, həm də yerli səviyyədə dönüş nöqtəsi ola bilər. Ötən il Azərbaycan qazının Avropaya ixracı təqribən 12 milyard kubmetr təşkil edib və bu, Avropaya qaz idxalını şaxələndirməyə kömək edən mühüm həcmdir. COP-un iclasları bütün dünyada keçirilən beynəlxalq sammitlərdir. COP-un bir neçə iclasında iştirak etmək imkanım oldu. COP29 ilə bağlı mənim Azərbaycanın sədrliyindən bir sıra gözləntilərim var. Birincisi, bərpa olunan enerji, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması üzrə COP28-in yaxşı nəticələrini gücləndirmək. İkincisi, ümid edirəm ki, bütün dünyada təmiz enerjiyə keçid üçün çox vacib bir mövzu, yəni təmiz enerji keçidinin maliyyələşdirilməsi diqqət mərkəzində olacaq. Ölkələr qarşıdakı illərdə emissiyaları azaltmaq üçün yeni öhdəliklər götürməyə hazırlaşır. Ümid edirəm ki, Azərbaycanın sədrliyi buna yaxşı zəmin yaradacaq”, - deyə o bildirib.

Bundan əlavə, BEA-nın icraçı direktoru hesab edir ki, Azərbaycan yaşıl keçid sahəsində lider ola bilər.

“Region ölkələri metan emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması sahələrində böyük fayda əldə edə bilərlər, çünki onların regionda enerji səmərəliliyi göstəriciləri beynəlxalq göstəricilərdən aşağıdır. Ümid edirəm ki, Azərbaycan bayaq qeyd etdiyim beynəlxalq aspektlərlə yanaşı, bu iki regional aspekti də nəzərdən keçirəcək”, - deyə Fatih Birol bildirib.

Birol qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsidir və bu ölkə, həm də yaşıl enerji sahəsində lider olmaq və aparıcı rol oynamaq istəyir, çünki ölkənin bunun üçün potensialı var.

"Azərbaycan bütün dünyada iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verməklə təmiz enerjiyə keçidini dəstəkləmək üçün addımlar ata biləcək. Azərbaycanın regionda öz liderliyini nümayiş etdirmək üçün çox böyük imkanı var. Azərbaycan hökumətinin nümayəndələri, o cümlədən COP29-un prezidenti və onun həmkarları, xarici işlər və iqtisadiyyat nazirləri ilə müzakirələrdə gördüm ki, onlar öz işlərini mükəmməl şəkildə yerinə yetirmək əzmindədirlər”, - deyə Birol bildirib.

O, BEA-nın COP28-in uğurla keçirilməsi üçün Birləşmiş Ərəb Əmirliklərinə dəstək verdiyi kimi, Azərbaycana da dəstək verməyə hazır olduğunu vurğulayıb.

“Mən Azərbaycan hökumətindən olan həmkarlarımıza dedim ki, biz Azərbaycanın sədrliyini hərtərəfli dəstəkləməyə hazırıq. Birincisi, mayın 15-də burada, Parisdə bir sıra hökumətlərin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Bakıda keçiriləcək COP29-da yaxşı nəticələr əldə etməyin yollarını müzakirə etmək üçün yüksək səviyyəli dialoq təşkil edəcəyik. Bu iclasa Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və mən sədrlik edəcəyik. Dünyanın hər yerindən hökumət nümayəndələri bu görüşdə iştirak edəcəklər”, - deyə o bildirib.

İkincisi, Birolun qeyd etdiyi kimi, Azərbaycan hökuməti maliyyədən tutmuş metan emissiyalarının azaldılmasına, səmərəlilik və bərpa olunan enerjiyə qədər müxtəlif məsələlər üzərində işləyir.

"Biz COP28 zamanı etdiyimiz kimi Azərbaycanı dəstəkləmək, məsləhətlər vermək və töhfə vermək üçün Azərbaycan hökuməti ilə çox sıx işləmək niyyətindəyik. Azərbaycandan sonra Braziliyada COP-un növbəti iclası olacaq. Mən artıq Braziliyaya səfər etmişəm, orada prezident Luiz İnasio Lula da Silva ilə müzakirələr aparmışam. Konkret addımları ətraflı müzakirə etmək üçün tezliklə Bakıya gələcəm. Artıq dediyim kimi, Beynəlxalq Enerji Agentliyi Azərbaycana hərtərəfli dəstək verməyə hazırdır”, - deyə o bildirib.

Birol qeyd edib ki, onun Bakıya səfəri Parisdəki görüşdən sonra baş tutacaq.

“Mən artıq burada, Parisdəki qərargahda Azərbaycan hökumətinin bir neçə nümayəndəsini qəbul etmişəm, lakin nazir Babayevlə ilk görüş mayın 15-də baş tutacaq. Bundan sonra BƏƏ-də olduğu kimi uğurlu görüşün keçirilməsi üçün atılmalı olan konkret addımları ətraflı müzakirə etmək üçün Bakıya gələcəm”, - deyə BEA-nın icraçı direktoru bildirib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti