Bakı. Trend:
2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib.
Trend xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib.
O bildirib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 33 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar: "Beləliklə, vəkillərin sayı 2454 nəfərə çatıb".
"Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 21 nəfəri kişi, 12 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 472 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir. Vəkillərdən 3 nəfəri regionlarda, 30 nəfəri isə Bakıda fəaliyyət göstərəcək", - sədr qeyd edib.