...

"MÜSTƏQİL MEDİA-2005" SEÇKİ BLOKU SEÇKİÖNCƏSİ MƏRHƏLƏLƏRİN DEMOKRATİK KEÇDİYİNİ BƏYAN EDİB

Siyasət Materials 20 Sentyabr 2005 16:42 (UTC +04:00)

"Müstəqil Media-2005" Seçki Bloku parlament seçkilərinin ilk mərhələlərinin - namizədlərin irəli sürülməsi, qedə alınması və hazırda aparılan təbliğat kampaniyasının demokratik keçdiyini bəyan edib. Trend in məlumatına görə, sentyabrın 20-də mətbuat konfransı keçirən media blokunun üzvləri bu barədə fikirlərini bildiriblər.

Blokun üzvü "Olaylar" agentliyinin və qəzetinin rəhbəri Yunus Oğuz qeyd edib ki, "Müstəqil Media-2005" seçki bloku 125 dairə üzrə dəstəklədiyi namizədlərin adlarını yaxın günlərdə açıqlayacaq. O, bildirib ki, blokun özünün 11 nəfər üzvündən 7-sinin namizədliyi qeydə alınıb. "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili sonradan bloku tərk edib və hazırda media blokunun 6 nəfər namizədi var. Y.Oğuzun sözlərinə görə, medianı təmsil edən namizədlər öz seçki dairədərində heç bir təzyiqlərlə, qanun pozuntuları ilə rastlaşmayıblar.

Blokun digər üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bu seçkidə bütün namizədlər üçün bərabər şərait yaradıldığını deyib. A.Aşırlı bildirib ki, onun narahatlığı yalnız hərbi hissələrdə seçkilərə müdaxiləsi ehtimalı ilə bağlıdır.

Media bloku tərəfindən namizədliyi dəstəklənən professor Musa Qasımlı bildirib ki, heç bir seçkidə indiki qədər demokratik seçkiöncəsi mühit yaradılmayıb. O, özünün namizəd olduğu 21 saylı Nəsimi birinci seçki dairəsindən razılığı ifadə edib, heç bir qanun pozuntusuna, kənar müdaxilələrə rast gəlmədiyini deyib.

"Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı isə seçki dairələrində və məntəqələrində yaranan problemləri, nöqsanları komissiya üzvlərinin qanunları yaxşı bilməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, heç bir icra başçısının prezidentin 11 may tarixli sərəncamının əleyhinə getdiyinə, bilərəkdən qanunları pozduğuna inanmadığını deyib.

Qeyd edək ki, media blokunun üzvləri seçkidə namizəd olduqlarına görə, media orqanlarında vəzifələrini dayandırıblar.

Xəbər lenti

Xəbər lenti