...

AŞPA-NIN MÜŞAHİDƏÇİ MİSSİYASI İQTİDAR VƏ MÜXALİFƏT PARTİYALARININ, SEÇKİ BLOKLARININ LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 12 Oktyabr 2005 17:44 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının nümayəndə heyəti oktyabrın 12-də iqtidar və müxalifət partiyalarının rəhbərləri, seçki bloklarının nümayəndələri ilə görüşlər keçirib. Trend in məlumatına görə, qonaqlar Avropa Şurasının Bakıdakı informasiya mərkəzində ayrı-ayrılıqda Yeni Azərbaycan Partiyasının icra katbi Əli Əhmədovla, sonra "Yeni Siyasət" blokunun təsisçiləri ilə, sonra "Azadlıq" blokunun liderləriylə, Milli Birlik Hərəkatının lideri Lalə Şövkətlə, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə görüşlər keçiriblər.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədovla görüşdə bu il noyabrın 6-da keçiriləcək parlament seçkisi, seçkiöncəsi bütün namizədlər üçün bərabər şərait yaradılması məsələləri müzakirə olunub. Əli Əhmədov hakimiyyətin ölkədə azad, demokratik seçki keçirilməsində maraqlı olduğunu, bunun üçün ölkə prezidentinin 11 may 2005-ci tarixli sərancamını, həmçinin hazırda 2 mindən çox namizədin seçkidə mübarizə apardığını diqqətə çatdırıb.

"Azadlıq" bloku nümayəndələri ilə görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədr müavini Fuad Mustafayev iştirak ediblər. Görüşdə əsasən Azərbaycandakı seçkiqabağı şərait, ADP sədri Rəsul Quliyevin ölkəyə qayıdışı ilə bağlı məsələlər və "Azadlıq" blokunun seçkiqabağı platforması ətrafında geniş müzakirələr aparılıb. Blok liderləri Azərbaycandakı seçkiqabağı şərait, ölkədə son vaxtlar sərbəst toplaşmaq azadlığının pozulması faktları barədə missiya nümayəndələrinə məlumat verib, kütləvi aksiyalarda mitinq iştirakçılarına qarşı tətbiq olunan zorakılıqlar, ADP qərargahına təşkil olunan hücumları haqqında danışıblar. Aksiyalarda təzyiqlərə məruz qalmış, ciddi bədən xəsarətiləri almış insanların foto şəkillərini missiya nümayəndələrinə təqdim olunub. "Azadlıq" blokunun seçkiqabağı platforması ətrafında da müzakirələr aparılıb.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə görüşdə missiyanın rəhbəri Leo Platvoyet, Andreas Herkel, Andreas Qross, Hanne Severinsen, Mövlut Çavuşoğlu, Bas Klein, Iladimir Dronov və Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Mats Lindberq iştirak edib. Görüşdə Azərbaycandakı seçkiqabağı vəziyyət, DİP-in seçkilərdə iştirakı, partiyanın namizədlərinin dairələrdə təbliğatı barədə fikir mübadiləsi aparılıb. Asim Mollazadə AŞ nümayəndələrinin suallarını cavablandırıb və partiyanın siyasi kursu barədə onlara məlumat verib. AŞPA təmsilçilərinin "Siz seçkiləri boykot etmək barədə düşünürsünüzmü?" sualına cavab verərkən Asim Mollazadə deyib: "Siyasi partiyalar seçkilərdə iştirak etmək və siyasi mübarizə aparmaq üçün fəaliyyət göstərirlər. Boykot heç də vəziyyətdən çıxış yolu deyil. Siyasi partiyalar istənilən ağır vəziyyətdə fəaliyyətini davam etdirməli və sağlam siyasi mübarizə nəticəsində ölkədəki vəziyyətin pozitiv istiqamətdə dəyişməsinə çalışmalıdır".

"Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət də seçkiqabağı proseslərlə bağlı fikirlərini AŞPA nümayəndələrinin diqqətinə çatdırıb, seçki ilə bağlı onu narazı salan məramlar, bəzi namizədlərin ölkəyə qayıdıb seçkidə iştirakının təmin olunmaması və digər qanunsuzluqlar haqqında danışıb.

Xəbər lenti

Xəbər lenti