...

Məzahir Pənahov: "Barmaqların mürəkkəblə boyanması və yoxlanması prosesini bütün yerli və beynəlxalq müşahidəçilər izləyəcəklər"

Siyasət Materials 29 Oktyabr 2005 13:24 (UTC +04:00)

Seçki günü seçicilərin barmaqların mürəkkəblənməsi üçün sifariş verilən mürəkkəb balonları və xüsusi cihazlar oktyabrın 31-də Azərbaycana gətiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Seçki Komisssiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib. O, bildirib ki, prezident İlham Əliyevin "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirlməsinə dair" 2005-ci il 11 may tarixli Sərəncamı və "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirlməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində MSK artıq fəaliyyətə başlayıb. Belə ki, MSK artıq barmaqların şəffaf mürəkkəbə batırılması ilə bağlı müvafiq təlimat hazırlayaraq, oktyabrın 29-da keçiriləcək MSK-nın iclasında müzakirəyə təqdim edəcək.

Prezident İlham Əliyevin Gürcüstan prezdenti Mixail Saakaşvili ilə telefon danışığından sonra əldə olunmuş razılığa əsasən, Gürcüstan Mərkəzi Seçki Komissiyası Azərbaycana 3000 balon mürəkkəb və bir o qədər də mürəkkəbi oxumaq üçün müvafiq cihazlar verib. Seçkilərdə təqribən 5500 balon və cihaz lazım olduğunu diqqətə çatdıran MSK sədri bildirib ki, qalan balon və cihazların alınması üçün komissiya Danimarka tərəfi ilə danışıqlara başlayıb. Əldə olunmuş razılığa əsasən balon və cihazlar oktyabrın 31-də ölkəmizə gətiriləcək.

Səsvermə günü barmaqların görünməyən mürəkkəblə boyanması və yoxlanması qaydalarına toxunan M.Pənahov bildirib ki, seçki günü Məntəqə Seçki Komissiyasının üzvlərindən biri seçiciyə bülleten verməzdən əvvəl onun sol əlinin baş barmağın dırnağın ətlə birləşən hissəsini mürəkkəblə boyayacaq. Məntəqə Seçki Komissiyasının üzvlərindən biri isə məntəqənin qapısında seçicilərin barmaqlarının həmin hissəsini müvafiq cihazla yoxlayacaq. Əgər cihaz vasitəsilə müəyyən olunsa ki, seçicinin barmağı artıq boyanıb, ondan məntəqədən uzaqlaşması tələb olunacaq. Barmaqların mürəkkəblə boyanması və yoxlanması prosesini bütün yerli və beynəlxalq müşahidəçilər izləyə biləcəklər.

M.Pənahovun sözlərinə görə, MSK qərara alıb ki, 500 nəfərədək seçicisi olan məntəqələrə 1, 500-dən 1000-dək seçicisi olan məntəqələrə 2, 1000-dən 1500-dək seçicisi olan məntəqlərə isə 3 mürəkkəb balonu verilsin.Bundan əlavə, məntəqələr ehtiyat cihaz və batareyalarla da təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti