...

Azərbaycanın baş epidemioloqu: Azərbaycanda kəskin respitaror xəstəliklərlə bağlı narahatedici vəziyyət yoxdur

Cəmiyyət Materials 7 Yanvar 2014 13:35 (UTC +04:00)
Hazırda Azərbaycanda kəskin respitaror xəstəliklər, o cümlədən qriplə xəstələnmə ilə bağlı, epidemioolji baxımdan narahatedici vəziyyət yoxdur.
Azərbaycanın baş epidemioloqu: Azərbaycanda kəskin respitaror xəstəliklərlə bağlı narahatedici vəziyyət yoxdur

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda kəskin respitaror xəstəliklər, o cümlədən qriplə xəstələnmə ilə bağlı, epidemioolji baxımdan narahatedici vəziyyət yoxdur. Bunu Trend-ə Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib.

Ölkənin hazırkı epidemioloji vəziyyətini çox yaxşı qiymətləndirən İ.Ağayev bildirib ki, hazırda bəzi insanlarda qripin müşahidə edilməsi normal haldır: "Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da qripə yoxluxma var. Bu, labüd bir hal, təbii bir prosesdir. Tarix boyu yoluxucu xəstəliklər olub, olacaq da. Bunun qarşısını almaq təbiəti məhv etmək deməkdir. Bunu da biz bacarmırıq".

İ.Ağayev deyib ki, ölkədə kəskin respirator infeksiyalardan əziyyət çəkənlərin sayını dəqiq demək mümkün deyil. Onun sözlərinə görə, bu xəstəliklərlə bağlı poliklinikalara müraciət edənlər qeydiyyata götürülsə də, xəstələrin 90 faizi həkimə müraciət etmir. Səbəb isə insanların bu xəstəliyə qeyri-ciddi baxmasıdır: "Əhali bu xəstəliyə ciddi fikir vermədiyi üçün xəstəxanalara müraciət edənlərin də sayı az olur. Demək olar ki, qrip olduqda hamı özü bir vasitə ilə müalicə olunur".

Baş epidemioloq bildirib ki, adətən bir neçə ildən bir kəskin resperator xəstəliklərin törədiciləri dəyişir və bu, təbii prosesdir: "Bütün hallarda xəstəliklərin törədiciləri virus olur. Müəyyən vaxtlarda virusun antigen xüsusiyyəti dəyişir. Bu il müşahidə olunan qrip də əvvəlki illərdə olduğu kimidir. Xəstəliklərin əlamətləri həmişə eyni olur, fərqli olan yalnız onun törədicisidir. Biz virusoloji tədqiqatlar apardıqda laboratoriyalarda ayırd edə bilirik ki, bu xəstəliyin törədicisi nədir. Xəstəliyin törədicisinin fərqli olması əhalini çox da maraqlandırmır. Çünki sonda xəstəliyin əlamətləri həmişə eyni olur".

İ.Ağayev deyib ki, elmi ədəbiyyatda qrip mövsümi xəstəlik hesab edilsə də, insanlar orqanizmlərinin həssaslıq qabiliyyəti zəiflədikdə istənilən fəsildə qripə yoluxa bilərlər.

Baş epidemioloq deyib ki, yaza, yaya doğru getdikcə bu xəstəliklərdən əziyyət çəkənlərin sayı azalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti