...

“Akkord” rəhbərliyi korporasiya barədə bəzi KİV-lərdəki yazılara kəskin reaksiya verdi

Cəmiyyət Materials 27 Noyabr 2014 11:38 (UTC +04:00)
“Akkord” rəhbərliyindən korporasiya barədə böhtan xarakterli yazılara kəskin reaksiya verilib.
“Akkord” rəhbərliyi korporasiya barədə bəzi KİV-lərdəki yazılara kəskin reaksiya verdi

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

"Akkord" rəhbərliyindən korporasiya barədə böhtan xarakterli yazılara kəskin reaksiya verilib.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən Trend-ə daxil olan məlumatda bildirilir ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində peşə etikasına riayət edilmədən vətəndaşın həqiqətə söykənməyən böhtan xarakterli müraciəti "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəsmi mövqeyi öyrənilmədən dərc edilib.

Məlumatda qeyd olunur ki, obyektivliyi əks etdirməyən həmin informasiyalar cəmiyyətin rəhbərliyinin kəskin etirazına səbəb olmuş və korporasiyanın Baş direktoru Göksel Aybekin adından "Bizim Yol" və "Gündəlik Bakı" qəzetlərinin redaksiyalarına müraciət ünvanlanıb. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

"Qəzetinizin 26 noyabr 2014-cü il sayında "Kütləvi informasiya vasitələri" Qanunun tələbləri tərəfinizdən kobud şəkildə pozulmaqla vətəndaş Şəfiqə Muxtarovanın reallığa və obyektivliyə söykənməyən böhtan xarakterli müraciəti "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəsmi mövqeyi öyrənilmədən birtərəfli qaydada dərc edilmişdir.

Həmin informasiyalar həqiqəti əks etdirmir. Altı il bundan əvvəl Siyəzən rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi, onun hüquqi nəticələri, həmçinin Şəfiqə Muxtarovanın oğlu Coşqun Muxtarovun 2007-2009-cu illərdə vətəndaşlara qarşı yol verdiyi cinayət əməlləri barədə rəsmi mövqeyimizi dərc olunmaq üçün sizə göndəririk.

Belə ki, 12 aprel 2008-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndi ərazisində Əliyev Firdovsi Şahbala oğlunun idarə etdiyi "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus "Ford" və Muxtarov Coşqun Fərmayıl oğluna məxsus "Mersedess-Benz" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu ağır bədən xəsarətləri almışdır.

Siyəzən Rayon Məhkəməsinin 9 oktyabr 2008-ci il tarixli hökmü ilə sürücü F.Əliyev Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə həmin müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

İşə məhkəmədə baxılarkən C.Muxtarov vəsatətlə çıxış edərək məhkəmədən mülki iddiaçı qismində tanınmasını xahiş etmiş, lakin sonradan ərizə ilə məhkəməyə müraciət edərək mülki iddiadan imtina etmiş və onunla ASC arasında barışıq əldə edildiyini bildirmişdir. Bu müddət ərzində cəmiyyət tərəfindən C.Muxtarova 9.000 manat ödənilmiş və o, göstərilənləri məhkəmədə ifadəsi ilə təsdiq etmişdir.

Lakin sonradan C.Muxtarov ona ödənilən məbləğlə razı olmamış, hadisədən 4 il keçdikdən sonra ASC-yə qarşı "səhhətinə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair" iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək maddi ziyana görə 50.000, mənəvi ziyana görə isə 100.000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmənin 26 aprel 2012-ci il tarixli qətnaməsi ilə C.Muxtarova vurulmuş maddi ziyana görə 3.000 manat, mənəvi ziyana görə isə 1.000 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

Məhkəmənin qətnaməsi ASC tərəfindən icra edilərək, qət olunmuş 4.000 manat məbləğində vəsait C.Muxtarova ödənilmişdir.

Məhkəmənin qətnaməsindən narazı qalan C.Muxtarovun apellyasiya və kassasiya şikayətlərinə Bakı Apellyasiya və Ali Məhkəmənin Mülki Kollegiyasında baxılaraq Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Qəzetlərin redaksiyasının nəzərinə çatdırırıq ki, baş vermiş hadisə ilə bağlı müvafiq məhkəmə qərarları qəbul edilərək icra olunsa da, vətəndaşın müraciətinin sensasiya xatirinə və peşə etikasına riayət etmədən ASC-nin işgüzar nüfuzuna xələl gətirilməsinə hesablanmış başlıqlarla dərc edilməsi qəbuledilməzdir".

C.Muxtarova gəldikdə isə o, 2007-2009-cu illərdə 10-dan artıq vətəndaşı təkrarən dələduzluq yolu ilə aldadaraq onların külli miqdarda vəsaitlərini ələ keçirməsi faktlarına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti