...

Bölgələrdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 650 mini keçib (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2016 18:18 (UTC +04:00)
Qusar, Beyləqan, Tərtər, Şamaxı şəhərlərində su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb.
Bölgələrdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 650 mini keçib (FOTO)

Bakı. Trend:

Qusar, Beyləqan, Tərtər, Şamaxı şəhərlərində su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral su xətti çəkilərək istismara verilib. Bununla da Salyan şəhərinin 12 min 500 sakini mərkəzləşdirilmiş qaydada fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Eyni zamanda Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə yeni birləşmə verilib, şəhər əhalisinin böyük əksəriyyətinin su təchizatının yeni mənbədən aparılması mümkün olub.

Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin içməli su təminatına hesablanmış Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhəri istisna olmaqla digər 4 şəhərə suyun verilməsi təmin edilib. Növbəti mərhələdə Neftçala şəhəri və kəmərin marşrutu boyunca yerləşən bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur.

Ötən müddət ərzində Balakən rayonunun Hənifə, Quba rayonunun Qəçrəş, Yardımlı rayonunun Vərov və Yolacaq, Ağsu rayonunun Elabad və Yenilik kəndlərində, Ağdam rayonun Quzanlı, Biləsuvar rayonun ərazisində yerləşən Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkünlərin yaşadığı qəsəbələrin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın rayonundan olan qaçqın və məcburi köçkünlərin yaşadığı Misni-Mais obalarının su təchizatı yaxşılaşdırılıb. Bunlarla yanaşı, Masallı rayonunun Muğanlı zonasında yerləşən 5 kəndinə Viləşçay anbarının sahilində tikilmiş yeni sutəmizləyici qurğudan suyun verilməsi üçün magistral kəmərlərin inşası yekunlaşmış, kəndlərə suyun verilməsinə hazırlıq görülür.

Ümumilikdə 2016-cı ilin 10 ayı ərzində regionlarda 600 km-ə yaxın magistral və şəbəkə su xətləri, 370 km-dən artıq kanalizasiya kollektorları və şəbəkələri inşa edilib, 17 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində regionlarda 130 mindən çox sakin ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin edilib, 40 min nəfərin su təchizatı isə fasiləsiz rejimə keçirilib. Bununla da bölgələrdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 650 min nəfəri keçib.

İndiyə qədər respublikanın 43 şəhər və rayon mərkəzində içməli su və kanalizasiya layihələri həyata keçirilib ki, bunların da 29-da işlər “Azərsu” ASC-nin sifarişi ilə icra olunub. Bu şəhərlərin 11-də layihələr dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına reallaşdırılır. Artıq 8 şəhərdə - Quba, Qusar, Göyçay, Beyləqan, Şamaxı, Tərtər, Biləsuvar, Naftalanda su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb, digər 8 şəhərdə - Lənkəran, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Ucar və Zərdabda layihələrin içməli su ilə bağlı olan hissəsi yekunlaşıb. Qarşıdakı aylarda Ağcabədi şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti