...

31 İLLİK FASİLƏDƏN SONRA ŞİMALİ KİPRƏ ENƏCƏK İLK XARİCİ ÖLKƏ TƏYYARƏSİ AZƏRBAYCANA MƏXSUS OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2005 13:56 (UTC +04:00)

"İyulun 27-də, saat 21-30-da, 31 illik fasilədən sonra Lefkoşanın "Ərcan" hava limanında tarixi hadisə baş verəcək. Burada başqa bir dövlətə məxsus təyyarə yenə enəcək.

Sevindirici haldır ki, bu təyyarə digər bir türk dövlətinə-Azərbaycana məxsus olacaq". Trend informasiya agentliyi xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Əhməd Erentok Şimali Kıbrız Türk Cumhuriyyətinə (ŞKTC) səfər öncəsi KİV üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ATİB-in təşkilatçılığı ilə iyulun 27-dən 31-dək ŞKTC-yə səfər edəcək 90 nəfərlik nümayəndə heyətinin tərkibinə iş adamları, bank və maliyyə sektorunun təmsilçiləri, incəsənət ustaları və KİV nümayəndələri daxil olacaqlar.

"Kipr dövləti hazırda Avropa İttifaqına üzv olan ölkədir. Digər tərəfdən isə kiçik olmasına baxmayaraq, Ağ dənizin sahilində yerləşməsi bu ölkə üçün əlverişli geosiyasi və iqtisadi imkanlar yaradıb. Burada kənd təsərrüfatı, turizm, bank və digər sektorların inkişaf etdirilməsi üçün çox gözəl imkanlar var. ŞKTC-yə səfər edəcək azərbaycanlı iş adamları da bu imkanlardan maksimum yararlanmağa çalışacaqlar",-deyə Əhməd Erentok vurğulayıb.

Onun sözlərinə görə, "İmair" şirkətinə məxsus təyyarə ilə ŞKTC-yə yollanacaq azərbaycanlı iş adamlarının səfər proqramı çox zəngin olacaq.

İyulun 28-də nümayəndə heyətini əvvəlcə ŞKTC-nin prezidenti Məhmət Əli Tələt qəbul edəcək. Daha sonra nümayəndə heyətinin ŞKTC-nin qurucusu və ilk prezidenti Rauf Denktaşla görüşü olacaq.

Həmin gün Azərbaycan nümayəndə heyətinin Türkiyə Cumhuriyyətinin Lefkoşadakı səfiri, baş nazirin 1-ci müavini və xarici işlər naziri Sərdar Denktaş, daha sonra isə maliyyə, iqtisad və turizm nazirləri ilə görüşləri planlaşdırılıb. Həmin axşam isə Sərdar Denktaşın adından nümayəndə heyətinin şərəfinə ziyafət veriləcək. Ziyafətdə hökumət üzvləri iştirak edəcəklər. Səfər çərçivəsində həmçinin, iqtisadi forumun keçirilməsi, ŞKTC-nin turizm obyektləri və istirahət mərkəzlərinə səfərlər də nəzərdə tutulub. Nümayəndə heyəti iyulun 31-də Bakıya geri dönəcək.

Xəbər lenti

Xəbər lenti