...

Azərbaycan və Yaponiya arasında sərmayələrin təşviqi üzrə sazişin layihəsi artıq qarşı tərəfə təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2014 15:55 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, “Itochu Corporation” şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Yaponiya arasında sərmayələrin təşviqi üzrə sazişin layihəsi artıq qarşı tərəfə təqdim edilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, "Itochu Corporation" şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb: "İndiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 17 sənəd imzalanıb. Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir".

Nazir əlaqələrin inkişafında Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini, eləcə də iş adamlarının iştirakı ilə keçirilən biznes forum, işgüzar görüş və sərgilərin rolunu qeyd edib. Bildirilib ki, "Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"in imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirilməsi məqsədəuyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib.

Görüşdə diqqətə çatdırılıb ki, 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib və sənayenin daha da inkişafı üçün tədbirlər həyata keçirilir. Azərbaycanın filiz yataqları ilə zəngin olduğunu qeyd edən Ş.Mustafayev ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını, bu sahədə Yaponiya təcrübəsinin faydalı olacağını bildirib. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Yaponiyanın "Marubeni Corporation" şirkəti arasında müqavilə imzalanıb və şirkət Gəncə və Daşkəsəndə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin təşkili ilə bağlı Azərbaycan tərəfinə məsləhət xidməti göstərir. Bununla yanaşı, Azərbaycanda sənaye parklarının, o cümlədən Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində işlərin aparıldığını vurğulayan nazir sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsi, həmçinin kimya sahəsində əməkdaşlıq imkanlarını Yaponiya tərəfinin diqqətinə çatdırıb.

Görüşdə Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.

Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, "Itochu Corporation" şirkətinin vitse-prezidenti Y.Kobayaşi Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu bildirib. Yaponiya-Azərbaycan əlaqələrinin inkişafında bu il Yaponiyada 8-ci iclası keçirilmiş Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini diqqətə çatdıran Y.Kobayaşi rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə də məlumat verib. Şirkətin sənaye sahəsində ixtisaslaşdığını bildirən vitse-prezident bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti