...

Jirinovski Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib

Siyasət Materials 25 İyul 2014 00:42 (UTC +04:00)
Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.
Jirinovski Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.

Trend-in məlumatına görə, o, qeyd edib ki, real müsbət nümunə var: "Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".

Rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib.

O, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevi yüksək qiymətləndirib və onu dahi azərbaycanlı adlandırıb.

Jurnalistin sualını cavablandıran RLDP lideri Azərbaycanın pespektivdə Gömrük İttifaqına daxil olma ehtimalını istisna etməyib.

V.Jirinovski qeyd edib ki, Azərbaycan və Rusiya rəhbərləri və hökumət üzvləri arasında əla münasibətlər var. Onun fikrincə, Rusiya müsəlman ölkəsi olan Azərbaycana böyük diqqət ayırmalıdır, belə ki, bu, yekunda Türkiyə və İranla əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.

V.Jirinovski həmçinin bildirib ki, bir çox digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda rus dilinə hörmətlə yanaşırlar. Ölkədə 400 rus məktəbi, rus teatrı, universiteti fəaliyyət göstərir: "Həmişə pis şeylər haqqında danışmaq lazım deyil, cünki Azərbaycan var!".

Rus siyasətçi rusiyalı turistləri Azərbaycan kurortlarına səfər etməyə çağırıb: "Azərbaycan antirus partiyanın olmadığı yeganə ölkədir. Bu, sözün əsl mənasında dost ölkə deməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti