...

Əli Əhmədov: "YAP-ın irəli sürdüyü namizədlər seçicilərimizin etimadını qazanacaqlar"

Siyasət Materials 20 Sentyabr 2014 15:07 (UTC +04:00)
"Bu ilin dekabrında Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası da (YAP) ölkəmizdə keçiriləcək dördüncü bələdiyyə seçkilərində həmişə olduğu kimi yaxından iştirak etmək niyyətindədir".
Əli Əhmədov: "YAP-ın irəli sürdüyü namizədlər seçicilərimizin etimadını qazanacaqlar"

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Bu ilin dekabrında Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası da (YAP) ölkəmizdə keçiriləcək dördüncü bələdiyyə seçkilərində həmişə olduğu kimi yaxından iştirak etmək niyyətindədir". Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hakim partiyanın malik olduğu bütün potensial, o cümlədən bələdiyyələrdə YAP-ın təmsilçilərinin gördüyü işlərin hamısı mənəvi haqq verir ki, partiya yenidən bələdiyyə seçkilərində iştirak etsin: "Bizim inamımız ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də YAP-ın irəli sürdüyü namizədlər seçicilərimizin etimadını qazanacaqlar. Beləcə növbəti beş ildə də hakim partiyanın təmsil etdiyi nümayəndələr Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bələdiyyələrdə və onların işində yaxından iştirak edəcəklər. Təbii ki, bugünkü toplantımızın əsas məqsədi də qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın, bütövlükdə isə onun ayrı-ayrı yerli strukturlarının yaxından iştirak etməsi ilə əlaqədar müxtəlif tövsiyyələrin verilməsi, problemlərin nəzərdən keçirilməsi və bələdiyyə seçkilərinə hazırlıqla əlaqədardır. Ənənəvi olaraq biz həmişə seçkilərdən bir neçə ay əvvəl seçki kampaniyasına start veririk və ciddi hazırlıq işləri görürük. Beləcə YAP-ın malik olduğu insani, təşkilatı resursları seçkilərin yüksək səviyyədə keçirilməsinə cəlb edirik. Təbii ki, bir qayda olaraq bütün bunların hamısı seçkilərin bizim üçün yüksək nəticə ilə yekunlaşmasına gətirib çıxarır".

YAP rəsmisi bu il keçiriləcək bələdiyyə seçkilərindəki yeniliklərdən də danışaraq deyib ki, bu illər ərzində Azərbaycanda bələdiyyələr əhəmiyyətli təcrübələr toplayıblar. Onlar artıq yeni bir təchizat kimi formalaşıblar, özlərini təqdim edə biliblər və iş qabiliyyətlərini sübuta yetiriblər: "Bu illər ərzində Azərbaycanın bölgələrində də çox möhtəşəm irəliləyişlər baş verib. Buna misal olaraq, bölgələrin iqtisadi inkişafından tutmuş regionların simasını dəyişdirən layihələrin, infrastruktur layihələrinin həyata keçirilməsini, regionlarda insanlar üçün yeni iş yerlərinin yaradılmasını və s. göstərə bilərik. Təbii ki, bütün bunların hamısı qısa zamanda Azərbaycanda əldə olunan nailiyyətlərdir. Bu nailiyyətlərin qazanılmasında bələdiyyələrin də əhəmiyyətli rolu olub. Bu gün bölgələrin sosial-iqtisadi inkişafında əhəmiyyətli yüksəliş əldə edilib. Biz hesab edirik ki, növbəti beş illik fəaliyyətlə əlaqədar hədəfimiz rifah və quruculuq şüarı ilə müəyyənləşdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti