...

Bakı 2015 Oyunlar Akademiyası ilk məzunlarını salamlayır

İdman Materials 23 İyul 2014 13:49 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları Akademiyası özünün innovativ Məzun Təlim Proqramının ilk iştirakçılarını bu həftə Bakı şəhərində salamlamışdır.
Bakı 2015 Oyunlar Akademiyası ilk məzunlarını salamlayır

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Bakı 2015 Avropa Oyunları Akademiyası özünün innovativ Məzun Təlim Proqramının ilk iştirakçılarını bu həftə Bakı şəhərində salamlamışdır.

Akademiyadan Trend-ə verilən məlumata görə, 38 nəfər Azərbaycandan və yeddi nəfər Xorvatiya, Yunanıstan, Litva, Portuqaliya, Slovakiya, Sloveniya və Türkiyə kimi Avropa ölkələrindən olmaqla ümumilikdə 45 nəfər məzun proqramın ilkin qəbul mərhələsinə qoşulmuşdur. Avqust və sentyabr ayları ərzində 150-dən çox məzun proqrama qoşulacaq.

Oyunlar Akademiyası Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan Gənclər Fondunun təşəbbüsü ilə yaradılmışdır. Akademiyanın yaradılmasında məqsəd azərbaycanlılardan ibarət komanda üzvlərinin bacarıqlarını və Oyunlarla bağlı biliklərini artırmaq, eləcə də, Məzun Təlim Proqramı vasitəsilə universitet məzunlarının inkişafına dəstək göstərməkdir.

Məzun proqramı üç həftəlik intensiv təlimin keçirilməsi ilə başlayacaq və ondan sonra proqram iştirakçıları BEGOC-da daxili vəzifələrinin başına keçəcək və bir ilə qədər müddətdə ilk Avropa Oyunlarının aspektlərinin planlaşdırılmasına və icrasına görə məsuliyyət daşıyacaqlar.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyat İmkanları və Hazırlıq şöbəsinin direktoru və Oyunlar Akademiyasına görə məsuliyyət daşıyan Qeyvn MakAlpayn demişdir: "Təlim keçməyimiz üçün mən Bakı 2015 Məzun Təlim Proqramının ilk iştirakçılarını BEGOC-da salamlamaqdan məmnunam.

Proqrama çoxsayda yüksək potensiallı gənclər cəlb olunub və mən əminəm ki, ilk Avropa Oyunları üçün planlarımızın inkişaf etdirilməsində onlar təşkilata yeni enerji və düşüncə tərzi gətirəcəklər".

Sözügedən proqram bir sıra tərəfdaşlar, o cümlədən Müstəsna Rəsmi Tərəfdaş olan BP tərəfindən dəstəklənir. Proqram, eyni zamanda, ali təhsil ocaqlarının, o cümlədən, İsveçrənin Lozanna şəhərində yerləşən İdman, Elm və Texnologiya üzrə Beynəlxalq Akademiyanın (AISTS), Bakı şəhərində yerləşən Azərbaycan Diplomatik Akademiyasının (ADA), Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasının (IOA), eləcə də, Amerikanın Broadstone konsaltinq şirkətinin dəstəyini özünə cəlb edir.

Məzun Təlim Proqramının Azərbaycandan olan iştirakçısı Nərmin Mansurova demişdir: "Məzun Təlim Proqramı Azərbaycandan olan məzunlara beynəlxalq mühitdə iş təcrübəsi qazanmaq kimi unikal imkan təklif edir.

Əminəm ki, mənim və digər Azərbaycanlı məzunların inkişaf etdirdikləri bilik və bacarıqlar ölkəmizə gələcəkdə keçiriləcək əsas beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə kömək edəcəkdir".

Türkiyəli iştirakçı Akif Yazıcı demişdir: "Bakı 2015 Məzun Təlim Proqramına qəbul olunmam və bu həftə təlimə başlayacağım ilə qürur duyuram.

Bu, Avropadan gələn məzunlar üçün idman dünyası ilə bağlı çox gözəl imkandır və mən artıq çox müstəsna və unikal idman yarışlarına cəlb olunmağa hazırlaşdığımı hiss edirəm".

Xorvatiyalı iştirakçı Besim Aliti demişdir: "İlk dəfədir ki, xarici ölkədə işləyirəm və bu cür çoxmədəniyyətli təşkilata cəlb olunmaq mənim üçün çox maraqlıdır.

Məzun yoldaşlarım və Bakı 2015-də çalışan təcrübəli komanda ilə birgə işləyərək unudulmaz və tarixi Avropa Oyunlarının həyata keçirilməsinə kömək edəcəyimi səbirsizliklə gözləyirəm".

2011 və 2014-cü illərdə məzun olmuş istedadlı və motivasiyalı şəxslər üçün Məzun Təlim Proqramında hələ də məhdud sayda yerlər mövcuddur. Həmin yerlər üçün müraciət prosesi avqustun 1-i, cümə gününə kimi açıq olacaqdır. Müraciətlər buradan edilə bilər: www.facebook.com/baku2015gamesacademy

Məqalədə:
Xəbər lenti

Xəbər lenti