...

Dini missionerlik, netokratiya və idarə olunan xaos qlobal dövlətə xidmət edən vasitə kimi

Nəzər nöqtəsi Materials 12 Mart 2014 15:53 (UTC +04:00)
Bildiyimiz kimi, müstəqillik əldə etdikdən sonra qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinin I bəndində göstərilir ki, respublikamızda din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
Dini missionerlik, netokratiya və idarə olunan xaos qlobal dövlətə xidmət edən vasitə kimi

Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Din və hüquqi dövlət

Bildiyimiz kimi, müstəqillik əldə etdikdən sonra qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinin I bəndində göstərilir ki, respublikamızda din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Vicdan azadlığı ilə bağlı müddəaların əksini tapdığı 48-ci maddədə isə hər bir kəsin dini etiqad azadlığı, dinə münasibətini müstəqil formalaşdırmaq və ifadə etmək hüququ təsbit edilib.

Şəxsiyyətin formalaşması və din

Eyni zamanda, din əsrlərdən bəri insanların ictimai həyatında, mənəviyyatında, ailə münasibətlərində əhəmiyyətli yer tutan xüsusi faktordur. Din kütləvi vasitə olduğu üçün insanların davranışlarına, onların şəxsiyyət kimi formalaşmasına təsir göstərən əsas amillərdən biridir. Dini dünyagörüş bütün cəmiyyətlərdə total əsaslara söykəndiyi üçün hər bir cəmiyyətdə fərdin şəxsiyyətinin formalaşmasında müstəsna rol oynayır. Nəticə etibarilə, hər hansı bir cəmiyyətdə yetişən fərd gələcəkdəki siyasi mövqeyindən, cəmiyyətin sosial piramidasında tutduğu yerindən asılı olmayaraq, istər-istəməz mənsub olduğu dinin daşıyıcısına çevrilir. İnsan istər yaxın ətrafında baş verən prosesləri, istərsə də qlobal mənada dünyada baş verən prosesləri məhz dini dünyagörüşünün də formalaşdırdığı təfəkkürü vasitəsilə qavrayır. Beləliklə, insan fərqində olmadan, bu və ya digər şəkildə dinin təsiri altında olur və bu sosioloji təsbit bir reallıqdır, gerçəklikdir.

Məsələ ondadır ki, insanın şəxsiyyət kimi formalaşması prosesində çox maraqlı mərhələlər var. Bu mərhələlərdən biri dinin elmi və ilkin mənbə əsaslarında deyil, sadəcə ümumi mərasim və rituallar vasitəsilə mənimsənilməsidir. Hər bir vətəndaş, cəmiyyətin hər bir fərdi, heç şübhəsiz, ilkin mərhələdə dini münasibətlərlə qeyri-elmi əsaslarda üzləşir və din xüsusi tədris vasitəsilə mənimsənilmədiyi üçün onun həqiqi fəlsəfəsi və obyektiv əsasları öyrənilmir. Nəticə etibarilə, cəmiyyətdə kortəbii şəkildə ayrı-ayrı dinlərin, sektaların, təriqətlərin və cərəyanların bu və ya digər sosial sferada mənimsənilməsi baş verir.

Missionerlik, dini maarifçilik və cəmiyyət

Dinin elmi və obyektiv əsaslarda öyrənilməməsi isə dindən başqa məqsədlər üçün istifadə etmək istəyən ayrı-ayrı siyasi-ideoloji mərkəzlərin fəaliyyətini asanlaşdırır. Elə buradan da missionerlik məsələsi ortaya çıxır. Qeyd etmək lazımdır ki, missioner anlayışı latın dilindəki "missio" sözündən götürülüb, mənası "vəzifə", "səlahiyyət" deməkdir. Bu və ya digər cəmiyyətdə və ya dövlət içərisində öz maraqlarını təmin etmək üçün fəaliyyət göstərən ayrı-ayrı ideoloji və siyasi mərkəzlər məhz fərdlərin dinə bu həssas münasibətindən yararlanaraq onlardan ibarət özünəməxsus sosial baza formalaşdırır. Bu sosial baza mənəvi və ya ideoloji əsaslarda formalaşdığı üçün onlardan ölkədə, cəmiyyətdə hakimiyyətə, digər missioner mərkəzlərin yaratdığı qruplara, bəzən milli maraqlara və milli mənəviyyata qarşı istifadə edilir. Çünki missionerlərin fəaliyyəti nəticəsində müəyyən dini dünyagörüşü mənimsəmiş fərdlər bunu öz ruhi ehtiyaclarını ödəyən vasitə kimi gördükləri üçün həmin ideologiyanın yanlış və ya doğru olduğunun fərqində olmadan səmimiyyətlə qəbul edirlər. Beləliklə, din fərdin ruhi-mənəvi tələbatını ödəyən vasitə kimi həqiqi din olaraq deyil, missionerin təbliğ etdiyi ideologiya kimi mənimsənilir. Fərd isə mənimsədiyi və din hesab etdiyi bu vasitə uğrunda hər şeyə hazır olur. Yəni, bu məsələdə insanlar səmimi olduqları və özününkü hesab etdikləri üçün onu hər şeydən qorumağa hazır olurlar. Bu zaman isə missionerlərin, ayrı-ayrı mərkəzlərin fəaliyyəti üçün geniş və münbit platforma meydana çıxır. Şübhəsiz ki, hər bir missioner və dini mərkəzin fərqli məqsədi olduğu üçün onlar ətraflarında topladıqları sosial, dini qrupları fərqli istiqamətə yönləndirirlər. Nəticə etibarilə, cəmiyyətdə bir-birindən kəskin fərqlənən, bəzi hallarda bir-birini qəbul etməyən radikal, bəzi hallarda isə milli maraqlara laqeyd, yaxud loyal qruplar formalaşdırılır. Cəmiyyətin bu şəkildə dini-ideoloji əsaslarda bölünməsi isə milli həmrəyliyə və birlikdən doğan milli gücə sarsıdıcı zərbə vurur.

Dini missionerlik nəyə xidmət edir

Müasir mərhələdə isə missionerliyin çox fərqli növlərini müşahidə etməkdəyik. Çünki bu gün dünyada olduqca ciddi qlobal hadisələr baş verir, dünyanın yenidən idarə olunması ilə bağlı xüsusi nəzəriyyələr işlənib hazırlanır. Yeni imperializmin kapitalının dünyanı idarə etməsi üçün müxtəlif mexanizmlər qurulur. Bu kapitalın, imperializmin məqsədlərinin qarşısında olan hər bir sədd isə bəzən güc tətbiq etməklə, bəzən yumşaq güc tətbiq etməklə, bəzən də müxtəlif ideoloji vasitələrlə ölkələrin milli birliyini pozmaq vasitəsilə aradan götürülür.

Beləliklə, bu gün imperialist dairələrdə formalaşdırılmış qlobal dövlət nəzəriyyəsi milli dövlətləri özünə rəqib hesab edir. Yeni imperializm qlobalizmi məhz qlobal dövlət şəklində görür. Əgər qlobal dövlət varsa, burada milli dövlətlərə yer yoxdur. Ona görə də, milli dövlətlərin sıradan çıxarılması və yaxud onların səlahiyyətlərinin məhdudlaşdırılması prosesi qlobal dövlət nəzəriyyəsinin tərkib hissəsi kimi ortaya çıxır.

Milli dövlətləri eksperiment laboratoriyalarına necə çevirirlər

Bu gün din və media mövzusunda danışarkən diqqət göstərməli olduğumuz xüsusi bir məqam da mövcuddur. Bildiyimiz kimi, media qlobal informasiya vasitəsi kimi cəmiyyətin həyatında müstəsna rol oynayır. Eyni zamanda, müasir mərhələdə transmilli media və sosial şəbəkələr beynəlxalq münasibətlərin və dünya siyasətinin formalaşmasına da təsir göstərən vasitəyə çevrilib.

Bu kontekstdən yanaşdıqda, din də ən müxtəlif məqsədlərə xidmət edən unikal vasitədir. Ən müxtəlif məqsədlərə çatmaq üçün dindən istifadə olunması ən ağlagəlməz sahələrdə belə müvafiq uğurların əldə olunmasına gətirib çıxara bilir. Çünki din insanın, yaxud onu mənimsəmiş fərdin özü ilə səmimi olduğu çox nadir platformalardan biridir. İnsan bəzən cəmiyyətdə, işdə, kollektivdə, ictimai münasibətlərdə, dövlət-vətəndaş münasibətlərində, hətta bəzən ailə münasibətlərində belə özünə qarşı qeyri-səmimi olur. Ancaq insanın özü ilə səmimi olduğu nadir sferalardan biri dini sferadır. Ona görə də, sosioloq və cəmiyyətşünaslar məhz dinin bu keyfiyyətini nəzərə alaraq, ondan insanların yönləndirilməsi məqsədilə istifadə edirlər.

Hazırkı mərhələdə, dünyada müasir beynəlxalq münasibətlərin əsas istiqamətlərini və formasını müəyyənləşdirən üç böyük nəzəriyyə vardır: 1) qlobal dövlət nəzəriyyəsi; 2) netokratiya, yəni, şəbəkə hakimiyyəti nəzəriyyəsi; 3) idarə olunan xaos nəzəriyyəsi.

Qlobal dövlət nədir...

İlk baxışda dini heç bir halda bu nəzəriyyələrlə əlaqələndirmək mümkün görünmür. Lakin diqqət yetirsək, bu nəzəriyyələrin nəyə xidmət etdiyini və bu aspektdə dinin imkanlarından necə istifadə etdiklərini asanlıqla görə bilərik. Şübhəsiz, bu nəzəriyyələrin müəllifləri və dünyanı idarə edən güc mərkəzləri dinin siyasi vasitə, manipulyasiya vasitəsi, idarəetmə vasitəsi, xaos vasitəsi olduğunu bildikləri üçün məhz bu prosesdə dindən xüsusi mexanizm, rıçaq kimi istifadə edirlər.

Qlobal dövlət nəzəriyyəsi beynəlxalq münasibətlərdə milli dövlətlərin səlahiyyətlərini və hegemonluğunu məhdudlaşdırmağa xidmət edən nəzəriyyədir. Bu nəzəriyyə gələcək perspektivdə milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi sistemdən kənarlaşdırmağa hesablanıb. Nəticə etibarilə, gələcəkdə qurula biləcək qlobal dövlət adlandırılan dünya dövləti piramidasında milli dövlətlərin yeri çox aşağı qatlarda olacaq. Yəni, qarşıya qoyulan məqsəd milli dövlətləri qlobal dövlətə xidmət edən asayiş qoruyucusu səviyyəsinə endirməkdən ibarətdir. Başqa sözlə, qlobal dövlət iyerarxiyasının daxili strukturunda milli dövlətlər ən alt qatlarında yer tutacaq bir qurum kimi nəzərdən keçirilir. Bunun təsdiqi olaraq, deyə bilərik ki, hələ XX əsrin ikinci yarısında əsasən anqlosakson ölkələrində yaradılan "qlobal seçkilər" və "dünya federasiyası", "dünya parlamenti" kimi eksperiment layihələr, "Yer kürəsi konstitusiyası" və digər bu kimi qurumlar da məhz "Qlobal dövlət" yaratmaq planının ilkin modelinin qurulmasına xidmət edən təcrübi vasitələr idi.

Bəs qlobal dövləti qurmaq üçün bu gün hegemon, imperialist mərkəzlər milli dövlətlərin səlahiyyətlərini necə məhdudlaşdırmaq istəyirlər? Bunu iki vasitə ilə edirlər. Birincisi, qlobal dövlətə xidmət edən netokratiya nəzəriyyəsi vasitəsilə. Adından bəlli olduğu kimi, netokratiya "şəbəkə hakimiyyəti" deməkdir və bu gün transmilli media, internet mediası, digər sosial resurslar, "Facebook", "Twitter" və s. qlobal dövlətə, onun məqsədlərinə xidmət edən bir vasitə kimi yaradılıb. Doğrudur, bütün bu vasitələri biz sadəcə qlobal dövlətə xidmət edən bir mexanizm kimi səciyyələndirə bilmərik. Onların ictimai, mədəni, informasiya elmi-kommunikativ rolu danılmazdır. Lakin əsas qayə informasiyaya institusional forma verməklə ondan idarəetmə mexanizmi kimi istifadə etməkdir ki, bunu da netokratiya nəzəriyyəsini yaradanlar və həyata keçirənlər çox yaxşı bacarırlar.

Yeni insan... homoinformatikus

Beləliklə, yuxarıda dediyimiz vasitələrlə hər bir milli dövlətin içərisində yeni keyfiyyətdə insan formalaşdırılır. Bu insanlar artıq şəxsiyyətin formalaşması prosesində daha çox qlobal medianın, sosial medianın təsiri altında yetişirlər. Yəni, ənənəvi olaraq cəmiyyətin özünün adət-ənənələri, milli mentaliteti, ailə tərbiyəsi, cəmiyyətdaxili münasibətlərindən deyil, mediadan aldığı informasiya vasitəsilə formalaşır. Bu təsiri biz şərti olaraq "infogen təsir" adlandırırıq, yəni, yeni insan klassik sosiogen, biogen təsirlərdən daha çox infogen təsir vasitəsilə formalaşır. Bu yeni keyfiyyətdə formalaşan insan isə "homoinformatikus" adlandırılır. Homoinformatikuslar sadəcə olaraq, informasiya ilə idarə olunan varlıqlardır, onların davranışlarında və qərarlarında əql, idrak, məntiqi düşüncə iştirak etmir. Məhz din də bu prosesdə bir vasitədir. Yəni, bu insanları, informasiya ilə yetişmiş homoinformatikusları netokratiya hakimiyyəti bir şəkildə milli dövlətə qarşı yönləndirməklə milli hakimiyyətə qarşı, yəni, milli siyasi iradəyə qarşı bir vasitə kimi istifadə edir. Başqa bir tərəfdən, dini missionerlər cəmiyyəti dini icmalara bölərək, qütbləşdirərək, barışmaz, ziddiyyətli sferalara, radikal, marginal qruplara ayıraraq onlardan vaxtaşırı milli dövlətə və milli iradəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ən son istifadə olunan metod isə belə insanları hakimiyyət strukturlarına yerləşdirmək və onlardan şəbəkə yaratmaq metodudur. Bu, milli dövlətin daxildən işğal edilməsidir. Çünki belə şəbəkələr millətə deyil, idarə olunduqları mərkəzlərə xidmət edirlər.

İdarəolunan xaos nəzəriyyəsi və biz

Nəticə etibarilə, dövləti idarə edəcək və milli iradəni müdafiə edəcək hakim elita, yaxud siyasi hakimiyyət bu təzyiqlər altında qlobal dövləti quran mərkəzlərə xidmət etmək məcburiyyətində qalır. Beləliklə də, missionerlərin formalaşdırdığı, əslində, dinlə, İslamla heç bir əlaqəsi olmayan müxtəlif dini icmalar milli hakimiyyətə təzyiq vasitəsinə çevrilirlər. Qlobal dövlət ilkin mərhələdə milli dövlətdən istədiklərini almaq üçün öz vətəndaşları içərisində yaratdığı bu qruplar vasitəsilə təzyiq edir və istədiyinə nail olur. Bu isə milli dövlətin və milli maraqların ilkin mərhələdə ciddi şəkildə məhdudlaşdırılması deməkdir. Sonrakı mərhələdə isə bu idarə olunan xaos, yəni, ayrı-ayrı missioner mərkəzlər, informasiya mərkəzləri tərəfindən idarə olunan insanlar getdikcə alətə çevrilir və istənilən vaxt, istənilən cəmiyyətdə dini, ideoloji müstəvidə, informasiya müstəvisində və dövlət-vətəndaş münasibətlərində qarşıdurma yaratmaq üçün istifadə olunur.

Bu azmış kimi, bir də müxtəlif ideyalar, informasiyalar, yaxud dini cərəyanlar əsasında formalaşdırılmış, amma eyni mərkəzdən idarə olunan həmin qruplar həm də bir-biri ilə qarşıdurmaya cəlb edilir. Beləliklə, biz idarə olunan xaos nəzəriyyəsinin nə qədər praktik və effektli bir nəzəriyyə olduğunu aydın görürük. Biz artıq qlobalistlərin, qlobal dövlətin laboratoriyasına çevrilmiş ayrı-ayrı ölkələrdə, Yaxın Şərqin və Şimali Afrikanın bəzi ölkələrində bu durumu müşahidə etdik, gördük ki, milli dövlət, bütöv bir cəmiyyət, netokratiyanın və idarə olunan xaosun laboratoriyasına necə çevrilir.

İctimai etimad milli birliyi təmin edən vasitə kimi

Azərbaycanda da buna cəhd edənlər var. Lakin hələlik Azərbaycan cəmiyyətinin və dövlətinin buna müqaviməti effektivdir. Çünki Azərbaycan cəmiyyəti intellektualdır və yeni əsaslarda formalaşıb, eyni zamanda, Azərbaycanda hakimiyyətlə xalq arasında ümumi ictimai etimad mühiti mövcuddur. İndiki hakimiyyət Azərbaycan Respublikası Prezidentinin də qeyd etdiyi kimi, xalqa xidmət etmək üçün yaradılmış bir hakimiyyətdir və Prezident İlham Əliyev bəyan edib ki, "Xalqın birinci xidmətçisi mənəm". Məhz bu yanaşma, Azərbaycan hakim elitasının zirvəsindən səslənən bu fikirlər Azərbaycanda qlobalistlərin, neoimperialistlərin, infoimperialistlərin məqsədlərinin qarşısına sədd çəkir. Ancaq bununla bərabər, Azərbaycanın milli mətbuatı bu prosesdə üzərinə düşən tarixi missiyanı və vəzifəni dərk edərək funksional vahid kimi bu mübarizədə dövləti və milli maraqları müdafiə edən bir instituta çevrilməlidir. Azərbaycan mətbuatında bu proses gedir və əminik ki, milli mətbuatımız bu məsələdə öz tarixi missiyasını yerinə yetirəcək.

Müasir mərhələdə din və media

Məhz bu məqamda medianın rolu, funksionallığı və effektiv işləmə məsələsi aktuallaşır. Çünki qlobal dövlət nəzəriyyəsinə paralel olaraq beynəlxalq münasibətlər nəzəriyyələrində mövcud olan netokratiya - şəbəkə hakimiyyəti nəzəriyyəsini qeyd edə bilərik. Şəbəkə isə artıq birbaşa olaraq mediadır. Belə olan halda, biz medianın dünyada və ölkədə baş verən proseslərdə nə qədər mühüm rol oynadığı gerçəkliyilə üzləşirik. Ona görə də, hər bir ölkənin milli mətbuatı və milli mediası milli maraqlara xidmət etməzsə, deməli, nəticə etibarilə milli dövlətin zəifləməsinə və milli siyasi iradəni idarə etmədə və millətin gələcəyinin təmin olunmasında iştirakının məhdudlaşmasına səbəb olur. Bu gün əgər biz medianın vəzifələrini məhz dini-missionerlik kontekstində nəzərdən keçiririksə, əlbəttə ki, mütləq istər elektron media, istərsə də yazılı medianın hansı məsuliyyəti daşıdığını nəzərə almalıyıq.

Cəmiyyət, din və media üçbucağını təhlil edərkən bu məsələnin nə qədər aktual olduğunu görürük. Məsələ ondadır ki, din həmişə siyasi vasitə, manipulyasiya vasitəsi, eyni zamanda, bəzi hallarda dağıdıcı vasitə, bəzən isə birləşdirici vasitə kimi istifadə olunub. Missionerlik fəaliyyəti ilə məşğul olan mərkəzlərin böyük əksəriyyəti milli dövlətə və milli iradəyə qarşı olduğu üçün bu prosesdə dini birləşdirici vasitə kimi yox, dağıdıcı, qütbləşdirici, radikal vasitə kimi nəzərdən keçirirlər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizə çoxsaylı dini missionerlər daxil olmağa başladı. Onların bir qismi leqal, digər qismi isə qeyri-leqal fəaliyyət göstərir. Bu prosesdə isə ən qorxulu məsələ məhz Azərbaycandan xaricdə olan, bəzi hallarda radikal islamçı, bəzən isə islamofob dairələrə xidmət edən missionerlərin fəaliyyətini müşahidə etməkdəyik. İlk baxışdan İslama xidmət edən, yaxud İslam ölkələrindən gəldiyi güman edilən ayrı-ayrı missionerlərin fəaliyyətinin alt qatlarında da islamofob dairələrə və mərkəzlərə xidmət edən məqsədləri müşahidə edirik. Bəlli olur ki, tutaq ki, hər hansı müsəlman ölkəsindən gələn, missioner fəaliyyəti ilə məşğul olan qrup və cərəyan ilkin mərhələdə İslamı, dini, yaxud dünyəvi maariflənməni təbliğ edən bir cərəyan kimi görünsə də, onun alt qatlarında kodlaşdırılmış antiislam və antimilli ideoloji fəaliyyət gizlənir. Biz burada din vasitəsilə manipulyasiyanın ən bariz nümunəsini görürük.

Ona görə də, Azərbaycan mətbuatı bu məsələlərə daim diqqət yetirməli, cəmiyyətin birliyinin, bərabərliyinin, eyni zamanda, milli maraqlarının qorunması üçün bu istiqamətdə öz fəaliyyətini daha da genişləndirməlidir. Bunun üçün biz hesab edirik ki, aşağıdakı təklifləri nəzərdən keçirmək faydalı olardı:

1) Media kütləvi təbliğat vasitəsi olduğu üçün media vasitəsilə dinin kütləvi təbliğinə diqqətin ayrılması;

2) Dini biliklərə və dini informasiyalara malik olan mənbələrin media üçün açıq və əlçatan olması;

3) Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun layihələri içərisində dini maariflənmə ilə bağlı xüsusi layihələrin həyata keçirilməsi;

4) Azərbaycanda fəaliyyət göstərən leqal, yəni, Dini İşlər üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş sekta və cərəyanlar arasında mətbuat vasitəsilə daimi əlaqənin yaradılması və onların fəaliyyətinin mütəmadi olaraq işıqlandırılması və qəbul etdikləri nizamnaməyə uyğun olaraq fəaliyyətlərinə media vasitəsilə ictimai nəzarətin təşkil olunması.

5) Bütövlükdə, dini maarifləndirmə işinin daimi proses kimi həyata keçirilməsi.

Hesab edirik ki, bu gün Azərbaycanda leqal, yaxud qeyri-leqal dini sektaların fəaliyyəti ölkənin müvafiq icra strukturlarının və hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Milli media da bu prosesdə üzərinə düşən məsuliyyəti və vəzifənin layiqincə yerinə yetirməlidir. Əgər hər üç mediaya elektron, internet və çap mediasına nəzər salsaq görərik ki, Azərbaycanda ən az işıqlandırılan mövzulardan biri din mövzusudur. Üstəlik, bu mövzular işıqlandırılarkən keyfiyyətsiz, mahiyyət təhrif olunaraq işıqlandırılır. Əksər hallarda dini və onun cəmiyyətdəki yerini özü belə dərk etməyən ayrı-ayrı adamlar cəmiyyətə ekspert, ilahiyyatçı və ya din xadimi kimi təqdim olunur. Onların fikri dini şüuru obyektiv əsaslarda formalaşdırmaq əvəzinə, onu daha da korlayır. Buna görə də, belə bir təklif də irəli sürürük ki, müvafiq dini qurumlarla Azərbaycanda dini mövzularda yazan jurnalistlərin vaxtaşırı seminarları təşkil edilsin. Əgər belə olarsa, Azərbaycanda din, cəmiyyət və dövlət üçbucağında cərəyan edən hadisələr milli və dövlət maraqlarımızın xeyrinə olar. Missionerlərin fəaliyyətinə isə mütləq media vasitəsilə ictimai nəzarət həyata keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti