...

Kabildə hospitala hücum nəticəsində ölənlərin sayı 30-u keçib (YENİLƏNİB-5) (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 8 Mart 2017 16:41 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə hərbi hospitalın binası qarşısında partlayış olub.
Kabildə hospitala hücum nəticəsində ölənlərin sayı 30-u keçib (YENİLƏNİB-5) (FOTO/VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 09:17-də yayılıb)

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabil şəhərində İŞİD terror qruplaşmasının hərbi hospitala hücumu nəticəsində ölənlərin sayı 30 nəfəri keçib. Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 50-dan artıq insan yaralanıb.

Həmçinin bildirilib ki, hücumda iştirak edən bütün terrorçular Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən artıq zərərsizləşdirilib.

XXX

13:48

İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabil şəhərində hərbi hospitala hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə Trend "TOLONews" telekanalına istinadən xəbər verir.

Son məlumatlara əsasən terror hücumu nəticəsində 4 nəfər ölüb, 66 nəfər yaralanıb.

X X X

12:51

Əfqanıstan paytaxtında hərbi hospitala hücum edən silahlılardan ikisi güc strukturlarının əməkdaşları tərəfindən öldürülüb.

Trend-in məlumatına görə, hazırda binada olan digər iki silahlı müqavimət göstərir.

"Pajvok" agentliyi Müdafiə Nazirliyinin əməkdaşına istinadən yazır ki, iki terrorçu zərərsizləşdirilib, hazırda hospitalda olan digər iki silahlı qarşı tərəfə atəş açmaqda davam edir.

Əfqanıstan Səhiyyə Nazirliyi hadisə nəticəsində iki nəfərin öldüyünü, 29 nəfərin isə yaralandığını bildirir.

X X X

10:35

Əfqanıstan paytaxtında silahlıların hərbi hospitala hücumu nəticəsində ən azı 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə həkimlər yerli mətbuata bildiriblər.

5 silahlıdan biri hospitalın əsas girişi önündə özünü partladıb, digər 4-ü isə içəri daxil olub. Şahidlərin sözlərinə görə, onlar həkim xalatı geyiniblər.

X X X

10:15

Kabilin şimalında, Vəzir Əkbər Xan rayonundakı hospitalın qapısı qarşısında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışı törədən silahlılar binaya daxil olublar. Hazırda hospitalın binasında atışma gedir.

Silahlıların sayı hələ bilinmir.

Həkimlərdən biri yerli KİV-ə bildirib ki, atışma Sərdar Məhəmməd Davud Xan adına hərbi hospitalın 3 və 4-cü mərtəbələrində gedir.

"TOLONews" telekanalı içəridə 4 silahlının olduğunu yazır.

Ölən və yaralananlar barədə hələ məlumat verilmir. Hər hansı qruplaşma insidentə görə məsuliyyəti üzərinə götürməyib.

X X X

09:17

Əfqanıstanın paytaxtı Kabildə hərbi hospitalın binası qarşısında partlayış olub.

Trend-in məlumatına görə, partlayışdan sonra atışma səsləri eşidilir.

"Reuters" xəbər verir ki, tibb müəssisəsi ABŞ-ın Kabildəki səfirliyinin yaxınlığında yerləşir.

Digər təfərrüatlar barədə məlumat verilmir.

VİDEO - TOLONews

Məqalədə:
Xəbər lenti

Xəbər lenti