...

Azərbaycan turizminin inkişafı üçün xarici kino şirkətləri ilə əməkdaşlıq təklif edildi (FOTO)

Mədəniyyət Materials 4 Fevral 2016 15:12 (UTC +04:00)
Xarici ölkələrin kino sənayesi ilə məşğul olan şirkətlərinin filmlərinin Azərbaycanda çəkilişlərinin həyata keçirilməsi üçün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə turizm sənayesi nümayəndələrinin birgə əməkdaşlıq etməsi vacibdir.
Azərbaycan turizminin inkişafı üçün xarici kino şirkətləri ilə əməkdaşlıq təklif edildi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Kino sənayesi ilə məşğul olan xarici şirkətlərin filmlərinin Azərbaycanda çəkilişlərinin həyata keçirilməsi üçün Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə turizm sənayesi nümayəndələrinin birgə əməkdaşlıq etməsi vacibdir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sənayesinin nümayəndələri ilə keçirdiyi görüşdə deyib.

Nazir kino sənayesinin də turizmin inkişafındakı əhəmiyyətli rolundan danışaraq bildirib ki, bir sıra dünya ölkələrinin təcrübəsində olduğu kimi, Azərbaycanda da filmlərin çəkilişləri üçün təbiət, iqlim və bütün texniki baza imkanları mövcuddur.

Ə.Qarayev turizm sənayesi nümayəndələrinin Azərbaycan Turizm Assosiasiyasının rəhbərləri ilə yeni turizm məhsullarının yaradılması istiqamətində birgə işlər həyata keçirməsi barədə tapşırıqlar verib.

Nazir Azərbaycana turistlərin cəlb olunması üçün yaradılacaq yeni turizm məhsulunun indiki mərhələdə vacibliyini qeyd edib. O deyib ki, turizm sahəsi müasir texnologiya dünyasından geri qalmamalıdır. Turizmin inkişafında elektron texnologiyalardan istifadə edilməli və bu sahədə yeni nəticələr əldə olunmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan "GoMap"in son dövrlər turizm sahəsinə verdiyi töhfələr buna misal ola bilər. Bu layihənin daha da geniş tanıdılması və inkişaf etdirilməsi istiqamətində turizm sənayesi nümayəndələrinin də aktivlik göstərməli olduğu bildirilib.

Ə.Qarayev Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Turizm Peşə Məktəbi ilə turizm sənayesinin sıx əməkdaşlıq qurmasının vacibliyini vurğulayıb və bu çərçivədə treninq, seminar, yay məktəblərinin təşkil olunması kimi məsələləri müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti